07 sentyabr 2026 22:53
86

Eyfel qülləsi bağlanıb

Parisdə Eyfel qülləsi qadın əməkdaşların hindistanlı dini nümayəndə heyətinin ziyarəti zamanı kənarda saxlanılmasına etiraz olaraq başlayan tətil səbəbindən bağlanıb.

“İki sahil” xəbər verir ki, hadisə ənənəvi hindu BAPS hərəkatının təxminən 100 üzvünün Eyfel qülləsinin ikinci mərtəbəsinə özəl səfəri zamanı baş verib. Qrup Fransanın Sena-et-Marn departamentində, Bussi-Sen-Jorj şəhərində hindu məbədinin açılışı ərəfəsində keçirilən tədbirlər çərçivəsində Parisə səfər edib. Ziyarətdən əvvəl BAPS nümayəndələri Eyfel qülləsini idarə edən SETE şirkətindən ruhani liderlərinin qadınlarla təmasını məhdudlaşdırmağı xahiş ediblər. Bildirilir ki, şirkət rəhbərliyi bu tələbi qəbul edib.

Bu qərar Eyfel qülləsinin əməkdaşlarının narazılığına səbəb olub. İşçilər sentyabrın 7-də tətilə çıxaraq etiraz ediblər. İctimai reaksiyalardan sonra SETE məsələ ilə bağlı açıqlama yayıb. Şirkət bildirib ki, belə şərtlərin qəbul edilməsi düzgün olmayıb və bu yanaşma qurumun dəyərlərinə, qadın və kişilər arasında bərabərlik prinsipinə, eləcə də ziyarətlərin təşkili zamanı tətbiq edilməli olan neytrallıq qaydasına uyğun deyil. SETE vurğulayıb ki, heç bir protokol, mədəni və ya dini səbəb qadın və kişilər arasında bərabərlik prinsipindən kənara çıxmağa əsas verə bilməz.

Qərarın kim tərəfindən təsdiqləndiyi isə hələlik açıqlanmayıb. SETE-nin prezidenti Ariel Veil məsələyə aydınlıq gətirilməsini tələb edib. Paris meri Emmanuel Qreqvar isə hadisə ilə bağlı “ən qısa müddətdə araşdırma” aparılmasını istəyib.

Məsələnin SETE-nin növbəti idarə heyəti iclasında da müzakirəyə çıxarılması gözlənilir.