Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Xüsusilə müstəqillik dövründə Azərbaycan gəncliyinin formalaşması, ölkənin gələcəyi üçün hazırlığı, milli vətənpərvərlik ruhunda tərbiyəsi Heydər Əliyevin dövlət idarəçiliyinin mühüm istiqamətlərindən birini təşkil edirdi. O, dəfələrlə vurğulayırdı ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir və gənclərə göstərilən qayğı əslində dövlətin gələcəyinə edilən sərmayədir.
Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi siyasi, iqtisadi və sosial çətinliklər gənclərin həyatınada ciddi təsir göstərirdi. Məhz belə bir dövrdə Heydər Əliyev gənclər siyasətini sistemli şəkildə qurmağa başladı. Onun təşəbbüsü ilə gənclərlə bağlı qəbul olunan qərarlar, fərman və proqramlar gənc nəslin inkişafına, onların təhsil almasına, cəmiyyətin fəal üzvünə çevrilməsinə yönəlmişdi. Bu, təsadüfi deyildi, çünki Ulu Öndər yaxşı bilirdi ki, müasir təhsilli, dünyagörüşlü və milli dəyərlərə sadiq gənclik olmadan müstəqil dövlətin möhkəmlənməsi mümkün deyil.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda ilk dəfə olaraq gənclər siyasətinin hüquqi əsasları formalaşdırıldı. 1990-cı illərin ortalarından başlayaraq gənclərlə iş üzrə dövlət strukturlarının yaradılması, gənclər təşkilatlarının fəaliyyətinə şərait yaradılması, gənclərin dövlət idarəçiliyində iştirakının stimullaşdırılması xüsusi önəm daşıyırdı. Bu çərçivədə gənclərin problemlərinin öyrənilməsi, onların məşğulluğu, asudə vaxtının səmərəli təşkili, gənclərin idmana, elmə və mədəniyyətə cəlb edilməsi istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndərin gənclər siyasətində mühüm məqamlardan biri də Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi idi. O, dəfələrlə çıxışlarında gənclərə müraciət edərək bildirirdi ki, müasir dünyaya inteqrasiya edən Azərbaycan gənci eyni zamanda öz milli köklərinə, dilinə, mədəniyyətinə, tarixinə sadiq qalmalıdır. Bu məqsədlə gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması, milli-mənəvi dəyərlərin təbliği xüsusi diqqət mərkəzində saxlanılırdı.
Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin tərkib hissəsi idi. Heydər Əliyev təhsili inkişafın əsas şərti hesab edir, gənclərin xarici ölkələrdə təhsil almasına, yeni bilik və təcrübələrə yiyələnməsinə böyük önəm verirdi. O dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi, ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, gənclərin elmə marağının artırılması istiqamətində atılan addımlar bu gün də öz bəhrəsini verir. Eyni zamanda, idmanın inkişafı, olimpiya hərəkatının gücləndirilməsi, idman infrastrukturunun yaradılması gənclərin sağlam həyat tərzi keçirməsinə, beynəlxalq arenada Azərbaycan bayrağını ucaldan gənc idmançıların yetişməsinə imkan yaratdı.
1996-cı ildə Azərbaycanda Gənclər Gününün təsis edilməsi də Heydər Əliyevin gənclərə göstərdiyi yüksək etimadın və qayğının bariz nümunəsidir. Fevralın 2-si – Azərbaycan Gəncləri Günü təkcə rəmzi xarakter daşımır, həm də dövlət-gənclik münasibətlərinin yeni mərhələyə keçdiyini göstərirdi. Həmin tarixdən başlayaraq hər il gənclərin nailiyyətlərinin qiymətləndirilməsi, onların problemlərinin dinlənilməsi, yeni təşəbbüslərə dəstək verilməsi ənənəyə çevrildi. Bu, həm də gənclərin özlərini cəmiyyətin əsas aparıcı qüvvələrindən biri kimi hiss etməsinə səbəb oldu.
Ulu Öndərin təşəbbüsü ilə yaradılan gənclər təşkilatları, forumlar, konfranslar gənclərin ictimai-siyasi fəallığının artmasına şərait yaratdı. Gənclər təkcə sosial-mədəni sahədə deyil, həm də dövlət idarəçiliyi, siyasət, biznes və vətəndaş cəmiyyəti strukturlarında fəal iştirak etməyə başladılar. Bu gün Azərbaycanda yüzlərlə gənclər təşkilatının mövcudluğu, minlərlə gəncin müxtəlif layihə və proqramlarda iştirakı məhz həmin dövrdə əsası qoyulan siyasətin nəticəsidir.
Beləliklə, dövlətin gənclər siyasətinin prioritet istiqamət kimi formalaşması və ardıcıl şəkildə həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin, strateji düşüncəsinin bariz təzahürüdür. Onun müəyyən etdiyi əsas prinsiplər -gənclərə etimad, onlara qayğı, gənclərin təhsili, vətənpərvərliyi, fəallığı və dövlət quruculuğunda iştirakı bu gün də Azərbaycan Respublikasının gənclər siyasətinin ideoloji və praktiki əsasını təşkil edir. Məhz bu səbəbdən Heydər Əliyevin gənclərlə bağlı ideyaları bu gün də aktuallığını qoruyur, müasir Azərbaycan gəncliyi üçün yol xəritəsi və nümunə rolunu oynayır.
Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri