22 yanvar 2026 13:47
194

Moldova xüsusi xidmət orqanları TƏKZİB EDİR

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (SİB) Moskvada saxlanılan və guya bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən şəxsin qurumla heç bir əlaqəsinin olmadığını bəyan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.

Qurumun açıqlamasında bildirilib ki, bu cür iddialar ictimai rəyi manipulyasiya etmək və regional vəziyyəti gərginləşdirmək cəhdi xarakteri daşıyır. “Belə bəyanatlar ictimai rəyi yönləndirməyə və bölgədə gərginliyi artırmağa hesablanıb”, — deyə Moldova xüsusi xidmət orqanının məlumatında qeyd edilib.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva şəhərində Moldovanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlamışdı. FTX-nin versiyasına görə, saxlanılan şəxs “Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş” tapşırığı yerinə yetirməyi planlaşdırırdı.