İşğaldan azad edilmiş ərazilərdə aparılan maarifləndirmə tədbirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas prioritet istiqamətlərindən biridir. Bu çərçivədə 2025-ci il ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Ağdərə, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Şuşa və Xankəndi rayonlarında ümumilikdə 46 maarifləndirici tədbir təşkil olunub.
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tədbirlərdə 135 işəgötürən üzrə 4 700-dən çox işçi heyəti bu prosesə cəlb olunub. Bununla yanaşı, DƏMX-in təşkilatçılığı ilə ANAMA və digər sosial tərəfdaşlarla birgə 2025-ci ilin aprel–iyul aylarında ənənəvi maarifləndirmə tədbirləri də davam etdirilib. Bu tədbirlər “Böyük Qayıdış” Dövlət Proqramının təhlükəsiz yaşayışın təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi, məşğulluğun artırılması və sahibkarlıq mühitinin inkişafı kimi əsas hədəflərinə xidmət edib.
Yaqut Ağaşahqızı, “İki sahil”