13 sentyabr 2026 17:25
102

Bakıda səfərdə olan din xadimləri İçərişəhərdə Şirvanşahlar sarayı və Tolerantlıq evini ziyarət ediblər

Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşü ilə əlaqədar Bakıda səfərdə olan din xadimləri İçərişəhərdə Şirvanşahlar sarayı və Tolerantlıq evini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, qonaqlar ilk öncə Şirvanşahlar saray kompleksində yerləşən XIV əsrə aid dini- memarlıq abidəsinin - Keyqubad məscidinin qalıqlarını və Seyid Yahya Bakuvinin məqbərəsini ziyarət ediblər. Ziyarət zamanı din xadimlərinə məscidin tarixi və S.Y.Bakuvinin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, bura tarixən yalnız ibadət yeri deyil, həm də dini-elmi fəaliyyətin mühüm məkanlarından biri olub. Mənbələrə görə, böyük alim və sufi S.Y.Bakuvi bu məkanla bağlı olub, məsciddə fəaliyyət göstərib.

Qonaqlarla S.Y.Bakuvinin həyatı və fəaliyyəti haqqında fikirlərini bölüşən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, S.Y.Bakuvi XV əsrdə yaşamış görkəmli Azərbaycan mütəfəkkiri, filosofu, şairi və sufi alimidir: "O, Şamaxıda anadan olub, sonradan Bakıya köçərək fəaliyyətini burada davam etdirib". A. Paşazadə vurğulayıb ki, Bakuvi Xəlvətilik təriqətinin ən məşhur nümayəndələrindən biri olub, mötədil İslam dəyərlərini təbliğ edib, əxlaqi dəyərlər haqqında fikirləri ilə tanınıb. Onun əsərləri Azərbaycan və Şərq sufizmində mühüm yer tutur. QMİ sədri söyləyib ki, S.Y.Bakuvi Azərbaycan fəlsəfi və dini fikir tarixinin ən tanınmış simalarından biri hesab olunur.

Daha sonra tədbir iştirakçıları Tolerantlıq Evinə baş çəkiblər. Burada qonaqların diqqətinə çatdırılıb ki, Tolerantlıq evi 2024-cü il noyabrın 16-da fəaliyyətə başlayıb və burada Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq və multikulturalizm ənənələri nümayiş etdirilir. Bildirilib ki, mərkəzin əsas məqsədi müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların qarşılıqlı hörmət və anlaşma şəraitində birgə yaşamasını təbliğ etməkdir. Burada İslam, xristianlıq və yəhudilik də daxil olmaqla müxtəlif dini ənənələrə aid maraqlı eksponatlar nümayiş olunur.

Din xadimləri Mərkəzdəki müqəddəs kitablar, dini əşyalar, tarixi və etnoqrafik nümunələrlə tanış olublar. Xüsusilə, Məkkədən Azərbaycana hədiyyə edilmiş Kəbə örtüyü onların diqqətini cəlb edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə 40-a yaxın ölkədən, 18 beynəlxalq təşkilatdan olan 200-ə yaxın din xadimi iştirak edəcək.

Tədbir sentyabrın 14-16-da Bakıda və Ağdamda baş tutacaq.