Vətəndaş müraciətlərinə daha əlçatan və şəffaf baxılmasının təmin edilməsi məqsədilə Bakı və Bərdə şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən “DOST” mərkəzlərində qəbul, izahatların alınması və protokolların tərtibi həyata keçirilib, proseslər xüsusi video-müşahidəli otaqlarda aparılıb. Sözügedən mərkəzlərdə Xidmətin əməkdaşları tərəfindən bu vaxta kimi əmək qanunvericiliyinin tətbiqi ilə bağlı 10 mindən çox vətəndaş qəbul edilib. İşçi və işəgötürənlərlə əlaqənin gücləndirilməsi və müraciətlərin vaxtında araşdırılması məqsədilə zənglər “142” Çağrı Mərkəzi vasitəsilə qəbul olunub, inzibati xətalar üzrə işlərə 1 466 halda videokonfrans formatında baxılıb. Eyni zamanda Xidmətin sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlər aidiyyəti üzrə araşdırmaya yönləndirilib və vətəndaşların sualları cavablandırılıb.Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Təkcə onu deyə bilərəm ki, elektron əmək müqaviləsinə keçid 1 milyon 827 min və ya 96%-dir.
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransı nda bildirib.
Xidmət rəisi bildirib ki, eyni zamanda, ƏMAS sistemində bir sıra yeni funksionallıqlar istiafdəyə verilib. Bu funksionallıqların əsas məqsədi qanunvericiliyin pozulmasının qarşısının alınması üçün sistem vasitəsilə məhdudiyyətlərin və xəbərdarlıqların tətbiqi, habelə işçi və işəgötürən arasında kommunikasiyanın şəffaf qaydada həyata keçirilməsi, hər iki tərəfin vaxtına və resurslarına qənaətdir. Məsələn, artıq xəstəlik vərəqələri tibb müəssisələri tərəfindən elektron formada rəsmiləşdirilərək ƏMAS-a inteqrasiya olunur ki, işəgötürənin təşəbbüsü ilə xəstəlikdə olan işçinin əmək müqaviləsinə xitam verilməsinə sistemdə avtomatik məhdudiyyət tətbiq edilir. Ötən il ərzində ƏMAS üzərindən işəgötürənlərin elektron kabinetlərinə müxtəlif məzmunlu xəbərdarlıqlar göndərilmişdir. Bu xəbərdarlıqlar əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin təmin edilməsi, işəgötürənlərin vaxtında məlumatlandırılması və mümkün pozuntuların qarşısının alınması məqsədi daşıyır. Odur ki, işəgötürənlərdən elektron kabinetlərinə müntəzəm daxil olmaları xahiş olunur.
Vəli Quliyev qeyd edib ki, 2025-ci ilin may ayından elektron auditin tətbiqinə başlanılıb. Bu bizə imkan yaradır ki, işçilərini istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta etdirməyən, minimum əmək haqqı məbləğindən aşağı məbləğdə əmək haqqı ödəyən işəgötürənləri sistem üzərindən müəyyən edək, onlar barəsində inzibati məsuliyyət tədbirləri görək. Əməyin mühafizəsi sahəsində istehsalatda baş verən bədbəxt hadisələrin azaldılması, təhlükəsiz iş mühitinin formalaşdırılması və risklərin idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Xidmət eyni zamanda ötən il ərzində bir sıra uğurlu layihələr həyata keçirmişdir. Xidmətin Milli Observatoriya ilə birgə layihəsi olan "DOST Müfəttiş" layihəsi işəgötürənlərə dəstəyin yeni bir müstəvidə göstərilməsidir. Belə ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır, mövcud boşluqlar aşkar edilir, onların həlli üçün tövsiyələr verilir, təlimlər təşkil olunur. Layihə beynəlxalq təcrübədə istifadə edilən “self-inspection” (özünü qiymətləndirmə) modeli əsasında risklərin erkən müəyyənləşdirilməsinə imkan yaradır və indiyədək 28 müəssisədə uğurla tətbiq edilib. “Nümunəvi müəssisə” layihəsi Əməyin Mühafizəsi Mərkəzi tərəfindən icra olunur. Layihə çərçivəsində seçilmiş müəssisədə əməyin mühafizəsi standartlarına uyğun olaraq təhlükəsiz iş şəraitinin yaradılmasının təmini və digər müəssisələr üçün nümunəvi müəssisənin təcrübəsinin öyrənilməsinin təşkili nəzərdə tutulur. Əməyin mühafizəsi üzrə nümunəvi şərait yaradılmış müəssisələrə infoturlarlar təşkil edilir. Abşeron-Xızı regionunda fəaliyyət göstərən müəssisəyə 3 infotur, Naxçıvan MR-dakı müəssisəyə 2 infotur, habelə Ağdam şəhərində yerləşən 3 müəssisədə isə əməyin mühafizəsinə dair mediatur təşkil edilib və işğaldan azad edilmiş ərazilərdə yaradılmış təhlükəsiz əmək şəraiti media nümayəndələrinə təqdim olunub.
Onun süözlərinə görə, 2025-ci ildə də maarifləndirmə əsas fəaliyyət istiqamətlərimizdən biri olub. Dövr ərzində Xidmət tərəfindən Bakı şəhəri, regionlar və Naxçıvan Muxtar Respublikasında işəgötürənlər üçün ümumilikdə 282 maarifləndirmə tədbiri təşkil olunub. Tədbirlərdə 17 500-ə yaxın şəxs iştirak edib. 2026-cı il üçün əsas hədəfimiz fəaliyyətimizi daha çox preventiv nəzarət və proaktiv yanaşma üzərində qurmaqdır. Bu baxımdan, əmək hüquqlarının pozulmasının qarşısının alınması, şikayətlərin sayının azalması, məsələlərin mümkün qədər səmərəli həlli diqqət mərkəzində olacaq.
Eyni zamanda, istehsalatda baş verən bədbəxt hadisələrin azaldılması prioritet olaraq qalır. Bu məqsədlə əməyin mühafizəsi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi və Vision Zero – “Sıfır Gözlənti” yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi davam etdiriləcək. Qeyd edək ki, Vision Zero iş yerlərində ölüm, ağır xəsarət və peşə xəstəliklərinin qarşısının alınmasını hədəfləyən beynəlxalq təhlükəsizlik modelidir. Bu yanaşma əməyin mühafizəsində risklərin qabaqlayıcı şəkildə idarə olunmasını və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını əsas götürərək, istehsalat qəzalarının qaçılmaz olmadığını və düzgün preventiv tədbirlər vasitəsilə qarşısının alına biləcəyini qəbul edir.
Yaqut Ağaşahqızı, “İki sahil”