22 yanvar 2026 12:18
96

Gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib - Vəli Quliyev

Qeyd etmək istərdim ki, 16 yanvar 2026-cı il tarixində cənab Prezident əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişiklikləri təsdiq edərək müvafiq Qanunun tətbiqi və bəzi fərmanlara dəyişiklik edilməsi barədə müvafiq Fərman imzalayıb. Sözügedən dəyişikliklər əmək qanunvericiliyinin təkmilləşdirilməsinə, əmək münasibətlərində dah.a çevik, sosialyönlü və müasir hüquqi tənzimləmə mexanizmlərinin formalaşdırılmasına xidmət edir.
Bu çərçivədə distant işin hüquqi əsasları müəyyən edilib, ailə vəzifələri olan, hamilə və valideyn işçilər üçün əlavə təminat və məzuniyyətlər genişləndirilib, əmək müqaviləsinə xitam və ödəniş mexanizmləri daha ədalətli şəkildə tənzimlənib, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə tələblər gücləndirilib, eləcə də beynəlxalq standartlara uyğun yeni anlayış və yanaşmalar qanunvericiliyə daxil edilib

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransı nda bildirib.

Onun sözlərinə görə, 2025-ci il üzrə fəaliyyətimizə nəzər salsaq il ərzində vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Xidmət tərəfindən 6 897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib və inzibati tənbeh tədbirləri görülüb. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib. Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN) əməkhaqqı, 1,67 %-i  (14 050 AZN) zərərə görə ödənc, 4,67 %-i (39 360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub. Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib.

Vətəndaş müraciətlərinə daha əlçatan və şəffaf baxılmasının təmin edilməsi məqsədilə Bakı və Bərdə şəhərlərində, eləcə də Abşeron rayonunda yerləşən “DOST” mərkəzlərində qəbul, izahatların alınması və protokolların tərtibi həyata keçirilib, proseslər xüsusi video-müşahidəli otaqlarda aparılıb. Sözügedən mərkəzlərdə Xidmətin əməkdaşları tərəfindən bu vaxta kimi əmək qanunvericiliyinin tətbiqi ilə bağlı 10 mindən çox vətəndaş qəbul edilib.

İşçi və işəgötürənlərlə əlaqənin gücləndirilməsi və müraciətlərin vaxtında araşdırılması məqsədilə zənglər “142” Çağrı Mərkəzi vasitəsilə qəbul olunub, inzibati xətalar üzrə işlərə 1 466 halda videokonfrans formatında baxılıb. Eyni zamanda Xidmətin sosial şəbəkə hesabları vasitəsilə daxil olan müraciətlər aidiyyəti üzrə araşdırmaya yönləndirilib və vətəndaşların sualları cavablandırılıb.Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Təkcə onu deyə bilərəm ki, elektron əmək müqaviləsinə keçid 1 milyon 827 min və ya 96%-dir.

Yaqut Ağaşahqızı, “İki sahil”