21 yanvar 2026 16:34
155

2 milyard dollarlıq MİRAS KİMƏ QALACAQ?

Bu yaxınlarda vəfat edən italiyalı modelyer Valentino Qaravani birbaşa varis qoymayıb. Buna görə də onun nəhəng mirası əsasən tərtib etdiyi vəsiyyətə uyğun şəkildə bölüşdürüləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Il Messagero qəzeti yazır.

Nəşrin məlumatına görə, Valentino moda evinin banisi həyatı boyunca təxminən 2 milyard dollar həcmində sərvət toplayıb. Bu sərvətə dəbdəbəli daşınmaz əmlak — Appiyev yolu üzərində yerləşən nüfuzlu villalar, Paris yaxınlığında bir qəsr, Londonda rezidensiyalar, İsveçrədə dağ evi (şale) və Manhettendə penthaus — eləcə də şəxsi incəsənət əsərləri kolleksiyası və iki şirkət daxildir.

Qəzetin yazdığına görə, Valentino Qaravaninin əsas varisi onun yaxın dostu və uzun illərdir biznes tərəfdaşı olan Cankarlo Cammetti olacaq. Onlar birlikdə Valentino moda evinin əsasını qoyublar. Mənbələrin bildirdiyinə görə, əsas mirasçılar arasında modelyer üçün oğulları kimi olan Şon və Entoni Saks qardaşları, həmçinin moda evinin uzunmüddətli əməkdaşlarından biri olan Bryus Huksəm də yer alır.

Mirasın bir hissəsi isə İtaliya qanunvericiliyinə uyğun olaraq Valentinonun yaxın qohumlarına — böyük bacısına və nəticəsinə (nəvəsinin övladına) verilə bilər.

Valentino Qaravani yanvarın 19-da Romadakı iqamətgahında, yaxınlarının əhatəsində dünyasını dəyişib.