21 yanvar 2026 16:24
88

BƏƏ-də UMEX 2026 və SIMTEX-2026 sərgisi başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə insansız sistemlər, robototexnika, simulyasiya və təlim texnologiyaları sahəsində fəaliyyət göstərən “İnsansız Sistemlər” (UMEX 2026) və “Simulyasiya Təlim Sistemləri” (SIMTEX-2026) sərgisi öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, Əbu-Dabi Milli Sərgi Mərkəzində (ADNEC) keçirilən UMEX 2026 və SIMTEX-2026 sərgisi yanvarın 22-dək davam edəcək.

Bu iki sərgi Yaxın Şərq regionunda insansız sistemlər, robototexnika, simulyasiya və təlim texnologiyaları sahəsində öz növündə yeganə platformadır. Sərgidə iştirakçıların sayında və tədbirlərin əhatə dairəsində ciddi genişlənmə müşahidə olunub, müdafiə təyinatlı istifadələrlə yanaşı, bu texnologiyaların kommersiya və mülki tətbiqlərinə daha çox diqqət yetirilib.

Sərgi bütün fəaliyyət göstəriciləri üzrə rekord artım tempinə nail olub, sərgi sahəsi isə 2024-cü illə müqayisədə 34 faiz artaraq 40 min 322 kvadratmetrə çatıb.

İştirakçı şirkət və brendlərin sayı 375-ə yüksəlib, bu isə əvvəlki dövrlə müqayisədə 74 faiz artım deməkdir.

Həmçinin iştirakçı ölkələrin sayı 9 faiz artaraq 38-ə çatıb, bu ölkələr arasında ilk dəfə qatılan 10 yeni dövlətin adı da var.