21 yanvar 2026 15:25
110

Qrenlandiyaya görə Dünya Çempionatını boykot edə bilərlər

Avropanın aparıcı futbol federasiyalarının rəhbərləri 2026-cı ilin yayında əsasən ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatının boykot edilməsi imkanlarını qeyri-rəsmi şəkildə müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, məsələ Macarıstan futbolunun 125 illiyinə həsr olunmuş tədbir çərçivəsində Budapeştdə keçirilən görüşlərdə gündəmə gətirilib. Müzakirələrdə milli futbol assosiasiyalarının təxminən 20 rəhbəri iştirak edib.

Belə addımın gündəmə gəlməsinə səbəb Avropa futbol rəhbərlərinin ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ölkəsinə birləşdirmək niyyəti ilə bağlı narahatlığı olub. Mənbələr bildiriblər ki, iştirakçılar mövzu ilə bağlı açıq şəkildə fikir bildirməkdən çəkinirlər.

The Guardianın istinad etdiyi, adları açıqlanmayan “yüksəkvəzifəli şəxslər”in fikrincə, ABŞ tərəfindən Qrenlandiyanın ələ keçirilməsinə yönəlmiş hərbi addımlar atılacağı təqdirdə bu, dönüş nöqtəsi ola bilər. Belə bir ssenari böyük ehtimalla Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən təşəbbüs edilən boykota və ya etiraz əlaməti olaraq digər ciddi tədbirlərə səbəb ola bilər.

Eyni zamanda, qeyd olunur ki, Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbərliyi hazırkı mərhələdə bu cür hadisələrin baş verməsini az ehtimallı hesab edir.

Futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək. Turnirin 104 oyunundan 78-i ABŞ-da baş tutacaq. Çempionatın digər ev sahibi ölkələri Kanada və Meksika olacaq.