Gürcüstanın keçmiş baş nazir İrakli Qaribaşvili məhkəmə iclasında ona qarşı irəli sürülən ittihamları etiraf edib və təqsirin etirafı barədə razılaşma məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, 5 il müddətinə azadlıqdan məhrum olunmaqla məhkəmə zalında həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.
Onun sözlərinə görə, Qaribaşviliyə əlavə olaraq 1 milyon lari (təxminən 371 min dollar - red.) cərimə tətbiq olunub.
Vəkil qeyd edib ki, keçmiş baş nazirin evindən fləş-disklər və digər oxşar əşyalar götürülüb, eləcə də dövlət büdcəsinin xeyrinə 6,5 milyon dollar müsadirə edilib. Vəkilin sözlərinə görə, bu məbləğ heç kimə ödənməyib və gələcəkdə Qaribaşvili heç kimə qarşı ifadə vermək niyyətində deyil.
"Hazırda o, Rustaviyə və ya onu hara aparsalar, həbsxanaya gedir. Əvvəlcə cinayəti etiraf edib, həbs olunub, cərimə olunub və avtomobilləri müsadirə edilib. Eyni zamanda, sözdə çirkli pulların yuyulması ittihamı da irəli sürülüb", - deyə Şakulaşvili deyib.
Vəkil əlavə edib ki, Qaribaşvili şərab zavodundan məhrum edilməyəcək. Onun sözlərinə görə, müəssisələr fəaliyyət göstərdikdə aylıq və illik vergi sənədlərini doldurmalıdır və bunların edilməməsi qanunsuz gəlirlərin leqallaşdırılması hesab olunur.
İrakli Qaribaşvili hazırda istintaqla əməkdaşlıq etsə də, gələcəkdə digər şəxslər haqqında ifadə vermək niyyətində olmadığını vurğulayıb.