12 yanvar 2026 16:53
131

Məxfi sənədi Netanyahunun ən yaxını SIZDIRIB?

İsrailin baş naziri Beniyamin Netanyahunun dəftərxanasının rəhbəri Tsaxi Braverman məxfi məlumatların xarici KİV-ə sızdırılması ilə bağlı qalmaqal üzrə istintaqa mane olmaq işi çərçivəsində ona tətbiq olunan məhdudiyyətlərə qarşı apellyasiya şikayəti verib. Məmur bazar günü, yanvarın 11-də müvəqqəti saxlanılıb və dindirilib. Hüquq-mühafizə orqanları onun barəsində 15 gün müddətinə baş nazirin ofisinə daxil olmağın, 30 gün müddətinə isə İsraildən kənara çıxmağın qadağan edilməsi barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Bildirilir ki, Tsaxi Bravermanın müdafiə tərəfi bu məhdudiyyətlərin ləğvi üçün apellyasiya təqdim edib. Sənəddə qeyd olunur ki, Bravermana tətbiq edilən girov şərtləri “ifrat dərəcədə sərt, istisnai və açıq-aşkar qeyri-mütənasibdir”. Müdafiəçilərin bildirdiyinə görə, o, gecə saatlarında — saxlanılma zamanı — azadlığa buraxılma şərtləri ilə razılaşmağa məcbur edilib və bunu yalnız başqa çıxış yolu olmadığı üçün edib. Vəkillər istintaqı “absurd” və “siyasi motivli” adlandırıblar.

Tsaxi Braverman yanvarın 11-də axşam saatlarında saxlanılıb və dindirilib. Ona rəsmi istintaqa mane olmaq cəhdi və etimadın sui-istifadəsi ittihamları irəli sürülüb. Hüquq-mühafizə orqanları məmurun iki həftə müddətinə baş nazirin ofisinə girişini, bir ay müddətinə isə ölkədən çıxışını qadağan edib.

Sonuncu məhdudiyyət Bravermanın peşəkar fəaliyyətinə ciddi təsir göstərə bilər. Belə ki, dörd ay əvvəl o, İsrailin Böyük Britaniyadakı səfiri təyin olunub və səlahiyyətlərinin icrasına başlamaq üçün Londona yola düşməyə hazırlaşırdı.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Almaniyanın "Bild" tabloidində İsrailin hərbi kəşfiyyatına aid məxfi sənəd dərc olunmuşdu. Sənəddə 7 oktyabr 2023-cü ildə törədilmiş hücum zamanı girov götürülmüş şəxslərlə bağlı danışıqlarda “Həmas”ın mövqeyi əks olunurdu. Materialda radikal qruplaşmanın atəşkəsə və sülh razılaşmasına maraqlı olmadığı qeyd edilirdi.

Məxfi məlumatın sızdırılması işi üzrə İsrail baş nazirinin keçmiş mətbuat katibi Eli Feldşteyn həbs olunub. Onun ifadəsinə əsasən, Tsaxi Braverman "Bild" qəzetində dərc olunan materiallarla bağlı istintaqın ləngidilməsi məsələsini müzakirə etmək üçün onunla gizli görüş keçirib.