08 yanvar 2026 17:45
186

Xırdalanda avtomobilə qəsdən ziyan vuran şəxs saxlanılıb

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələrinin və arxa işıqlarının sındırılması, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salınması barədə polisə məlumat verib. O, şikayətində hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalar nəticəsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.