ABŞ-da Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Corc Buşun (kiçik) İraqa hərbi müdaxilədən iki gün əvvəl apardıqları telefon danışığının stenoqramı dərc olunub. Sənədlərdən məlum olur ki, Rusiya lideri həmin söhbət zamanı müharibənin qarşısını almağa cəhd göstərib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bu fakt ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədlərinə əsaslanır. Sözügedən materiallar ABŞ-da fəaliyyət göstərən ictimai tədqiqat təşkilatı — National Security Archive tərəfindən ictimaiyyətə təqdim olunub.
Açıqlanan sənədlərə görə, Vladimir Putin və Corc Buş arasında telefon danışığı 18 mart 2003-cü ildə — ABŞ-ın “İraq azadlığı” əməliyyatına başlamasından əvvəl baş tutub. Danışıq zamanı Rusiya prezidenti ABŞ rəhbərliyini güc tətbiqindən imtina etməyə çağıraraq, Bağdadda rejim dəyişikliyinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Corc Buş Putinə antiamerikan əhval-ruhiyyənin qızışdırılmamasına görə təşəkkür edib, onun ardıcıl mövqeyini və dialoqda nümayiş etdirdiyi hörmətli tonu yüksək qiymətləndirdiyini bildirib. Bununla belə, tərəflər arasında kompromis əldə olunmayıb. ABŞ prezidenti BMT çərçivəsində aparılan diplomatik prosesin artıq başa çatdığını hesab etdiyini bəyan edib.
Vladimir Putin isə problemin müzakirəsinin yenidən BMT-nin hüquqi müstəvisinə qaytarılmasının vacibliyində israr edib. O, “qanunun gücünün güc qanunu ilə əvəzlənməsinin” yolverilməz olduğunu qeyd edib və Səddam Hüseynin devrilməsinin beynəlxalq hüquq normalarında nəzərdə tutulmadığını xatırladıb.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-da Vladimir Putin və Corc Buş (kiçik) arasında 2001–2008-ci illəri əhatə edən telefon danışıqlarının tam stenoqramlarının məxfilikdən çıxarıldığı bildirilmişdi.
Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik - Gevork Papoyan