Böyük Britaniya və Fransa Rusiya ilə sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya ümumilikdə 15 min nəfərədək hərbi kontingent göndərməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, ilkin mərhələdə London daha geniş beynəlxalq qrupun tərkibində Ukraynaya 10 min britaniyalı hərbçi göndərməyi nəzərdə tuturdu. Həmin beynəlxalq kontingentin ümumi sayının 64 min nəfər olması planlaşdırılırdı.
Lakin sonradan Böyük Britaniyanın Müdafiə Nazirliyində bu planların ölkənin mövcud silahlı qüvvələrinin sayını nəzərə alaraq real olmadığı etiraf edilib. Qəzetin mənbələrinin bildirdiyinə görə, hazırda London Ukraynada 7,5 mindən az hərbçi yerləşdirməyə hazırdır.
Hazırda Fransa Böyük Britaniyadan başqa Ukraynaya qoşun göndərməyi öhdəsinə götürən yeganə ölkədir. Mənbələr vurğulayır ki, iki ölkənin ümumi kontingentinin 15 min nəfər təşkil etməsi belə hazırkı şəraitdə nikbin ssenari kimi qiymətləndirilir.
Yanvarın 7-də Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, atəşkəs əldə olunduqdan sonra britaniyalı hərbçilərin Ukraynaya göndərilməsi məsələsi parlamentdə səsverməyə çıxarılacaq.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts münaqişə başa çatdıqdan sonra belə Almaniya hərbçilərinin Ukraynaya göndərilməsinin planlaşdırılmadığını bildirmişdi.
Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik - Gevork Papoyan