08 yanvar 2026 13:29
150

Suriya ordusu PKK/YPG-ya qarşı əməliyyata başladı

Suriya ordusu inteqrasiya razılaşmasına əməl etməyən və mülki əhalini hədəf alan PKK/YPG terror təşkilatına qarşı Hələb şəhərində məhdud hərbi əməliyyata start verib. Suriya hakimiyyəti bu gün saat 13:30-dan etibarən Hələbin Əşrəfiyyə, Şeyx Məqsud və Bəni Zeyd məhəllələrində PKK/YPG mövqelərinə qarşı intensiv və hədəfli hücumlara başlanılacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yanvarın 6-da Hələb şəhər mərkəzində başlayan PKK/YPG hücumları nəticəsində 1 hərbçi və 5 mülki şəxs həlak olmuş, 31 nəfər isə yaralanmışdı. Hadisələrdən sonra Suriya ordusu təmas xətlərinə onlarla tank və zirehli personal daşıyıcısı, eləcə də əlavə canlı qüvvə cəlb edib.

Toqquşmaların şiddətlənməsi səbəbindən şəhər mərkəzində yerləşən dövlət qurumlarında fəaliyyət dayandırılıb, məktəblərdə və universitetlərdə tədris müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda Hələb Beynəlxalq Hava Limanında uçuşlar təxirə salınıb.

Həmin günün axşam saatlarında terrorçu PKK/YPG qüvvələri Süryani məhəlləsində bir məktəb və bir xəstəxananı hədəf alan hücum həyata keçirib. Mülki obyektlərə qarşı bu hücumlardan sonra Suriya ordusu ölkədə SDQ adı altında fəaliyyət göstərən PKK/YPG-yə qarşı Hələb şəhərində məhdud, lakin təsirli hərbi əməliyyata başladığını bəyan edib.

Hazırda bölgədə toqquşmalar davam edir. Suriya ordusunun PKK/YPG mövqelərinə qarşı əməliyyatları genişləndirəcəyi istisna edilmir.