Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasını müəyyən edən beş Milli Prioritetdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı mühüm yer tutur. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının icra vəziyyəti və qarşıda duran əsas hədəflər barədə ətraflı danışıb. Dövlət başçısı azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, əhalinin mərhələli şəkildə doğma torpaqlara qayıdışını və bu prosesin ölkənin sosial-iqtisadi inkişaf strategiyasındakı mühüm yerini xüsusi vurğulayıb. Qeyd edib ki, müasir infrastrukturların yaradılması, yeni yaşayış məntəqələrinin tikilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin olunması istiqamətində tədbirlər davamlı şəkildə aparılır. Bu proses təkcə yaşayış binalarının tikilməsi ilə məhdudlaşmır. Yolların, məktəblərin, xəstəxanaların və sosial xidmət obyektlərinin yenidən qurulması da prioritetlər sırasındadır. Beləliklə, azad edilmiş ərazilər yalnız fiziki olaraq bərpa olunmur, həm də burada sosial və iqtisadi cəhətdən dayanıqlı inkişaf üçün münbit şərait yaradılır. Bu bütövlükdə ölkənin dayanıqlı inkişaf strategiyasının ayrılmaz hissəsi olmaqla, vətəndaşların rifahının yüksəlməsinə və regionlarda sabitliyin möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri Böyük Qayıdış Proqramının real nəticələrini nümayiş etdirən mühüm və qürurverici hadisələrdəndir. Dövlətimizin başçısının azad edilmiş torpaqlara qayıdan sakinlərlə birbaşa görüşləri bu prosesin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqləyir. Artıq Qarabağ və Şərqi Zəngəzurda dirçəliş dövrü başlanıb, illərlə həsrətində qaldığımız bu torpaqlarda yeni həyat formalaşır. Tarixi Zəfərimizdən dərhal sonra start götürən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları uğurla icra olunur.

Bu layihələrin ilk real nəticəsi kimi Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinə qovuşması Böyük Qayıdışın rəmzinə çevrilib. Məhz buradan başlanan köç prosesi bu gün ardıcıllığı və miqyası ilə diqqət çəkir. Prezident İlham Əliyev çıxışlarında və beynəlxalq tədbirlərdə daim Böyük Qayıdış Proqramına xüsusi diqqət ayırır, soydaşlarımızın mərhələ-mərhələ doğma yurdlarına qayıdışının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayır. Proqramın birinci mərhələsində 8 şəhərin və 100 kəndin yenidən qurulması əsas hədəf kimi müəyyən edilib və artıq bu hədəflərin praktik nəticələri aydın şəkildə görünür. Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl və Kəlbəcər şəhərlərinin sakinlərinə qovuşması, eyni zamanda, çoxsaylı kənd və qəsəbələrin bərpası bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Cari ildə dövlətimizin başçısının Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin, eləcə də Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü Böyük Qayıdışın artıq dönməz prosesə çevrildiyini bir daha təsdiqləyir.

Bu gün azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda milli ruhun, tarixi ədalətin və sosial rifahın bərpasıdır. Böyük Qayıdış Proqramı Azərbaycanın gücünü, dövlət iradəsini və xalq-dövlət birliyini əks etdirən ən parlaq inkişaf modelidir. Hər zaman irəliyə baxan, zamanı qabaqlamağa səy göstərən və buna nail olan Azərbaycan bu gün yeni dövrün hədəfləri ilə dünyanın diqqətindədir. Göründüyü kimi, düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu baxımdan Qarabağda aparılan dirçəliş işləri həm daxili hüquqi legitimliyi, həm də beynəlxalq hüququn üstünlüyünü nümayiş etdirən nümunəvi modeldir. Beləliklə, Xankəndi və ətraf ərazilərdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın dövlət iradəsini, planlı idarəetmə modelini və qayıdış siyasətinin real nəticələrini əks etdirir. Təhsil, səhiyyə, nəqliyyat və sosial infrastrukturun sürətli şəkildə bərpası bu bölgədə həyatın tam şəkildə canlanmasını təmin edir. Görülən işlər həm də onu göstərir ki, Azərbaycan azad olunmuş əraziləri yalnız təhlükəsizlik baxımından deyil, sosial-iqtisadi baxımdan da ölkənin ayrılmaz hissəsinə çevirir. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün artıq 70 min insan orada yaşayır. Təbii ki, onların hamısı köçkün deyil: “Bu il biz orada yaşayanların sayını bir neçə dəfə artıra bilərik. Amma hələ ki, heç bir rəqəm demək istəmirəm. Çünki ola bilir, bəzi hallarda işin icrası uzanır. Amma hesab edirəm ki, ən azı 30-50 kənddə biz insanları yerləşdirə bilərik və beləliklə, ola bilər 120, 130, 140 min əhali bu ilin sonuna qədər orada yaşayacaq, çalışacaq.”
Dövlət başçısının vurğuladığı kimi, Böyük Qayıdış prosesində əsas meyar təkcə sürət deyil, keyfiyyət və dayanıqlılıqdır. Dövlət başçısının qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə məskunlaşmanın mərhələli şəkildə həyata keçirilməsi, infrastruktur layihələrinin Baş plan əsasında icrası və ictimai nəzarətin təmin olunması bu prosesin uzunmüddətli və sağlam əsaslar üzərində qurulduğunu göstərir. Məhz bu yanaşma bölgələrin davamlı inkişafını və insanların doğma torpaqlarda təhlükəsiz, layiqli həyat şəraitinə qovuşmasını təmin etməyə xidmət edir.
Şəmsiyyə Əliqızı, “İki sahil”