Adətən böyük alimlər haqqında maraqlı yazı hazırlamaq olduqca çətin və məsuliyyətli bir işdir. Çünki elmdə öz sözünü demiş bir insanı elə bir baxış bucağından təqdim etməlisən ki, yazdığın mətn onun haqqında uğurlu bir həyat hekayəsi kimi oxunsun. Ona görə də müəllif mütləq haqqında yazacağı alimi dərindən tanımalı, onun elmə bəxş etdiyi töhfələrdən məlumatlı olmalıdır.
Bu yerdə isə mənim köməyimə “Nihilistika” povestindən yaxından tanış olduğum, dünya şöhrətli rus riyaziyyatçı, dünyanın ilk qadın riyaziyyat professoru Sofya Kovalyevskaya köməyimə yetdi. Ümumiyyətlə, onun əsərlərində insan mövcudluğunun dərk edilməsi insanın mədəni, əxlaqi dəyərlərinin inkişafında özünü büruzə verən dünyagörüşün avtoritet bioqrafiyası ilə əlaqələndirilir. Həmçinin Kovalyevskayanın aforizmə çevrilmiş: “Ürəkdə şair olmadan riyaziyyatçı ola bilməzsən” kəlamı yazının təməlini bir qədər də möhkəm tutmağa kömək edəcək.
Məhz haqqında bəhs edəcəyim dünya şöhrəli alim də ürəyi şair duyğuları ilə dolu, zəngin avtobioqrafiyası ilə hər kəsin sevimlisinə çevrilmiş professor Abdulla Sofiyevdir. Onu elm aləmi “Abdulla Avey” kimi tanıdığından düşünürəm ki, elə dəyərli oxucumuz da onu bu adla daha çox sevəcək.
Dünya şöhrətli alim, mexanika sahəsində ünlü tədqiqatçı professor Abdulla Avey kimdir?
Abdulla Sofiyev 1 iyul 1961-ci ildə qədim insan yaşayış yeri kimi məşhur olan Qazax rayonunun Daş Salahlı kəndində Heydər kişinin ailəsində dünyaya gəlmişdir. Qədim Avey dağının ətəyində yerləşən ata ocağında anası Maxmirə xanımın şirin laylaları ilə böyüdü Abdulla Sofiyev. Ata tərəfdən Aşırlının azman kişilərindən olan Qazı dədəsindən və ana tərəfdən Molla Mahmud dədəsindən gələn ağıl və inanç, Sofu dədəsindən isə saz, söz, elm yükü toplayaraq qəlbini beləcə bu ellərin ruhuna bağladı.
Böyük ənənələri olan Daş Salahlı kənd orta məktəbində təhsil alarkən burada riyaziyyat ixtisasını daha dərindən sevməyə başladı. Bu da təsadüfi deyildi. Çünki dayısı Musa Yusifov onu riyaziyyatın sirləri ilə tanış edərkən riyaziyyata ilahi vurğunluqla vurulmuşdur. Həm də İnayət Alisgəndərov, Nuşiravan Xəlilov, Hacı Hacıyev, Mehralı Əliyev, Froy Yusifov, Bağman Əhmədov kimi savadlı riyaziyyat müəllimləri onun riyaziyyata olan marağını daha da motivasiya edərək xarakterinin bu istiqamətdə formalaşmasına böyük təsir etmişdi.
Orta məktəbin altıncı sinfində oxuyarkən Bakıdakı universitetlərdə dərs deyən həmkəndliləri haqda məlumatlar öyrənməyə başlaması Abdulla Sofiyevin gələcəyinin mütləq mənada riyaziyyat elminə bağlı olacağından xəbər verirdi.
Təbii ki, o vaxt, elə indi də Qazaxda hər kəs riyaziyyat haqqında düşünəndə həmən ağlına Qara Rəşid gələrdi. Təbii ki, o vaxt Sabir Əliyev, Piri Göyüşov, Həsən Nəbiyev, Qocaman Qocamanov, İsmayıl İsmayılov da ünlü riyaziyyatçı və mexanik alimlərdən idi. Amma öz dövrünün fevqaladə istedadlı bir riyazıyatçısı olan, orta məktəb şagirdləri üçün ana dilində riyaziyyat dərslikləri yazan professor Rəşid Məmmədov bu ailə üçün daha əziz idi. Çünki Rəşid müəllim onun atası ilə bir sinifdə oxumuşdu. Bəlkə də taleyin bir hökmü idi ki, Heydər kişi ailədə daim Qara Rəşidin riyaziyyata marağından və sevgisindən danışaraq özü də bilmədən balaca Abdullanın riyaziyyat sevgisi üçün beynində alt yapını hazırlamışdı.
Və beləcə, ucqar Daş Salahlı kəndindən başlayan böyük riyaziyyat marağı Abdulla Sofiyevi qət edəcəyi uğurlu yolun ilk pilləsinə qədəm qoymağa tələsdirirdi. O, 1976-cı ildə ali təhsilini Azǝrbaycan Pedagoji İnstitutunun (indiki Pedaqoji Universitet) riyaziyyat fakültəsində alacağına qəti qərar verdi. Şübhəsiz ki, bu ali təhsil ocağının seçilməsi də təsadüfi deyildi. Kənddən tanıdığı, ona “qardaşoğlu” deyərək böyük inamla gələcəyini işıqlı görən Piri Göyüşovdan ali dərəcədə dərs almaq, atasının başqa bir dostu Həsən Nəbiyevlə riyaziyyatın ali sirlərinə yiyələnmək üçün onların yanında olmaq istəyi də önəmli rol oynamışdır. Abdulla Sofiyev universitet illərində həm riyaziyyatçı, həm də pedaqoq kimi yetişirdi. Güclü ali təhsil və bu böyük şəxsiyyətlər sözün həqiqi mənasında Abdulla Sofiyevin tükənməz istedadı üçün örnəklər aşıladı və onu elmin daha dərinliklərinə enməyə uğurladılar. Bu gün də sıx dostluq əlaqələri olan müəllimi professor Malik Cəbrayılovun auditoriyada tələbələr arasında onun haqqında dediyi: “Abdulla Sofiyev çox istedadlı tələbədir. O öz üzərində çalışsa, gələcəkdə dünyanın ən məşhur alimi ola biləcək”, - sözlər getdikcə öz təsdiqini tapmağa başlayırdı.
Böyük Atatürk deyirdi ki, Yer üzünün ən məsum məşğuliyyəti riyaziyyatdır. Məncə, bu ifadənin ən böyük isbatını elə Abdulla Sofiyevin həyat yolunda görə bilərik. O, isdedadını qoruyaraq daim özü ilə isdadadı arasında bir mütənasiblik yaratmışdır. Dərviş tərkidünyalığı kimi, sadəcə, böyük riyaziyyata yuvarlanmış bir ömür yaşamaq istəyirdi. Bu istəklə o, 1980-ci ildə İnstitutu bitirdikdən sonra doğma kəndi Daş Salahlıya dönərək məktəbdə riyaziyyat müəllimi kimi işləməyə başladı. Abdulla müəllimə görə riyaziyyat həm incəsənət, həm də poeziya üçün bir qapı idi.
1982-ci ildə isə onun həyat yolunu dəyişən, adına təsadüfi görüş desək də, uca Tanrının alın yazısı olan bir hadisə baş verir. Bacısını Bakıya ali məktəbə qəbul imtahanları vermək üçün apardığı zaman həmkəndlisi Mehralı müəllimin ona “gəl gedək qardaşım, Sabirlə də görüşək”, - deməsi ilə bir inqiabi dəyişiklik yaşayacaqdı. Təpədən dırnağa milli xüsusiyyətlərlə zəngin, sadə həyat tərzi yaşayan Sabir Əlivevlə görüş riyaziyyat eşqi ilə yanan bir beyin birdən-birə fərqli bir yönə - bərk cisimlər mexanikasına tərəf istiqamətlənmişdir. Abdulla Sofiyevin həmişə qürurla “riyaziyyatdan bir qədər də irəli gedərək bugünkü elm yolumu mənə göstərən böyük alim, danışığına, nitqinə hər zaman daim heyranlıqla tamaşa etdiyim həmkəndlim, qrunt mexanikası sahəsində tanınmış böyük alim Sabir Əliyev olmuşdur”, - söyləyərək öz dayısı kimi sevdiği müəllimini dərin sevgi ilə xatırlayır.
Sabir müəllim onu mexanika sahəsində öz sözünü deməyə başlamış gənc alim professor Vaqif Hacıyevlə tanış edir. Bu tanışlıq Abdulla Sofiyevin həyatının gedişini dəyişdi desək daha dəqiq ifadə etmiş olarıq.
1983-cü ilin payızında Avey dağının ətəyində yerləşən doğma Daş Salahlı kəndi ilə sağollaşaraq Bakıya gəldi. Elə həmin payızda da Azərbaycan Politexnik İnstitutunun Nəzəri mexanika kafedrası nəzdində aspiranturaya daxil oldu. Bununla da böyük riyaziyyatçı olmaq arzusunda olan gənc Abdullanın yolu mexanika sahəsi ilə davam etməyə başladı. Abdulla Sofiyev iştirak etdiyi elmi seminar və konfranslarda tanış olduğu alimlərlə söhbət edib geri döndükdən sonra həmişə deyərdi ki, professor Vaqif Hacıyev öz potensialının cəmi 40%-ni istifadə edir. Əgər o bütünlüklə həyatını mexanikaya həsr etsə dünyada onun bərabərində alim olmaz.
Hər bir elmdə, xüsusilə də dəqiq və fundamental elmlərdə problem qoyma və problemin həlli yolunu görə bilmə xüsusi istedad və yüksək çeviklik tələb edir. Abdulla müəllim də bunu xüsusi olaraq qeyd edir ki, mən mexanika elmində problem qoymanın fəlsəfəsini məhz Vaqif müəllimdən öyrəndim.
Bəli, Abdulla Sofiyev özü üçün yeni elm dünyası qurmuşdu. Bu elm dünyasından onu qoparda biləcək qüvvə isə elmə məlum deyildi. Hətta 1984-cü ilin may ayında hərbi xidmətə getməsi də onu mexanika elmindən uzaq salmadı. Əksinə, burada bəlkə də onun üçün ən münbit şərait yaranmış oldu. Abdulla Sofiyev SSRİ-nin Qazaxstan Respublikası ilə Çin sərhədində yerləşən hərbi hissədə xidmət keçir.
Ünlü alim hərbi xidməti həyatı üçün olumsuz bir fürsətə çevirməyi bacarır. Belə ki, hərbi xidmətdə olarkən “Nǝzǝri mexanika”, “Elastiklik vǝ plastiklik nəzəriyyəsinin ǝsasları”, “İçi boş silindirlərin elasto-plastik deformasyaları”, “Lövhǝ vǝ öqabıqların xǝtti olmayan dinamikası”, “Deformasya olunan elastik sistemlerin stabiliteti” kitaplarını oxuyaraq mexanikada üzləşdiyi problemlərin çözümünü tapır. Hərbi xidməti bitirib İnstituta qayıtdıqdan sonra da bu bilgilər əsasında mexanika sahəsində gedəcəyi yolun infrastrukturu tam olmasa da, hazır idi.
Həmin vaxtlar Azǝrbaycan Elmlǝr Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda SSRİ miqyaslı tanınan çox güclü alim kollektivi vardı. Abdulla Sofiyev də dissertasiya işini burada yerinə yetirirdi. Düşdüyü sağlam elmi mühitin və mexanika sahəsində fundamental bilgilərə sahib olması sayəsində dissertasiya işini vaxtında qabaq və keyfiyyətli şəkildə yerinə yetirdi və 1989-cu ildə Bakı Dövlət Universitetinin ixtisaslaşmış Elmi şurasında müdafiǝ edǝrǝk Fizika-riyaziyyat elmlǝri namizǝdi elmi dǝrǝcǝsini alır.
Beləliklə, elm yolunda atılan addımlarla yanaşı, pedaqoji fəaliyyətini də davam etdirmək arzusunda idi. Bu işdə ona Mexanika kafedrasının müdürü professor Rafik Mahmudovun çox böyük dǝstǝyi olur və 1990-cı ildǝ Azǝrbaycan Texniki Universitetinin Nǝzǝri mexanika kafedrasının assistenti vəzifəsinə gəlir. Sonralar o, 1990-1996-cı illǝrdǝ Azǝrbaycan Texniki Universitetinin “Nǝzǝri mexanika” kafedrasının baş müǝllimi vǝ dosenti vǝsifǝlǝrindǝ işlǝmişdir.
Abdulla Sofiyev 1990-cı ilin sentyabrında 10 aylıq DAAD tǝqaüdünü qazanaraq Almanyanın Karlsruhe Universitetinǝ elmi araşdırma üçün ezam olunur. Bu onun həyatının əlamətdar səhifəsi olmaqla yanaşı, dünyaya gələcək üçün məşhur mexanik alimin bəxş ediləcəyi hadisənin başlanğıcı olur. Əminliklə söylyə bilərik ki, Abdulla Söfiyev elmdə şansı gətirmiş alimlərdən biridir ki, 1990–2010-cu illǝrdə Karlsruhe Universitetinin Mexanika kafedrasının vǝ Mexanika İnstitutunun rǝhbǝri olmuş görkǝmli alim vǝ gözǝl insan professor Eckart Schnack ilə rastlaşmış, dostlaşmış və onunla birgə işləmişdir. Riyaziyyat qanunları reallığa istinad etdiyinə görə Abdulla müəllim də bütün həyatı boyu hadisələri real baxışlarla qiymətləndirməyi bacarmışdır. Ona görə də onun dunyanın hansı yerində olmasından asılı olmayaraq, böyük ürəyi daim Azərbaycanla döyünüb. Getdiyi hər yerdə Azərbaycan adına özündən sonra gözəl iz, böyük hörmət buraxıb. Elə professor Eckart Schnack ilə aralarında yaranmış şəxsi dostluq bağlarını daha da genişləndirən Abdulla Avey professor Schnackı Azərbaycanın dostuna çevirməyi layiqincə bacarmışdır. Professor Eckart Schnack Abdulla Sofiyevi bərk cisimlər mexanikası sahəsində çox mütərəqqi və düşüncəli tədqiqatçı kimi qəbul etdiyindən onun Azərbaycan Texniki Universiteti və Azərbaycan Elmlər Akademiyası ilə möhkəm və geniş diapazonlu əlaqələr qurmasına yol açmışdır. Həmçinin bu dostluq əlaqələri sayəsində Azǝrbaycandan ǝn az 10-15 alim Almaniyanın DAAD tǝqaüdü alaraq elmimizi dünya elminə inteqrasiya etməyə nail olublar.
Professor Abdulla Avey haqqında professor Eckart Schnack “Qiymətləndirmə hesabatı”nda belə deyir: “Professor Abdulla Sofiyevlə 1990-cı ildə tanış olmuşam. Sofiyev öz tədqiqatlarını elastik, plastik və özlü-elastik materiallardan hazırlanmış qabıqların mürəkkəb bükülmə problemlərinə yönəldib. Üstəlik, bu mövzu ilə o, xüsusilə qradientlərin həmin strukturlara təsirini öyrənən materialşünaslığa istiqamət götürür.
Professor Reddi, professor Noda, professor Liev, professor Shen, professor Tornabene, kimi bu sahədə ən məşhur elm adamlarının professor Sofiyevin araşdırmalarına istinad etməsi onun elmi araşdırmalarının əhəmiyyətini artırır”. Hər bir elm adamı üçün bu sözün dəyərinin necə böyük xoşbəxtlik olduğunu dərk etmək çətin deyil. Bəli, Abdulla Sofiyev də öz sahəsinin ən çox istinad edilən və tanınan mütəxəssisidir. Elm və texnologiyanın inkişafı, innovasiyaların əlçatanlığı baxımından Abdulla müəllim haqqında məlumat əldə etmək istəsək axtarış saytlarında yüzlərlə linklər qarşımza çıxacaq. Hamısı da Abdulla müəllimin mexanika-riyaziyyat sahəsində əldə etdiyi yeniliklərə, uğurlara, patentlərə aid yazılar olacaq.
1990-cı illərin ortalarına kimi Abdulla müəllim böyük elm yolu ilə getsə də öz potensialından layiqincə istifadə etmədiyini, elmə bir macəra kimi baxdığını öz söhbətlərində etiraf edirdi. Onun bu baxışını yenə də professor Eckart Schnack dəyişir. Belə ki, 1994-cü ildə Azərbaycan Texniki Universitetinə gələn professor Schnack yaxın dostu Abdulla Sofiyevin elmi potensialının çox az bir hissəsindən istifadə edildiyi ilə bağlı rektor Rafiq Mehdiyevə şikayət edir. Təcili olaraq Abdulla Sofiyevin yenidən Almaniyaya qayıtmasını və orada mexanika sahəsində mükəmməl tədqiqatlara başlamasını istədi. Lakin təssüf ki, bu böyük təklif zamanında kiçik problemlər səbəbindən qiymətləndirilmədən itirildi.
Artıq Abdulla Sofiyevin mexanika sahəsindəki tədqiqat işləri dünya miqyasında tanınır, istinad edilir və bu alimlə işləmək üçün universitet və elmi mərkəzlərdən təkliflər gəlirdi. 1996-cı ildə bu təkliflərdən birini dəyərlədirən Abdulla Sofiyev Azərbaycan respublikasının Təhsil Nazirliyinin xətti ilə qardaş Türkiyənin On Dqquz Mays Universitetinə işləməyə qərar verdi. Bu universitet onun elm dünyasına açılan qapısı oldu. Universitetin beynəlxalq jurnallarla əlaqəsi, internet üzərindən dünyada baş verən yeniliklərin öyrənilməsi Abdulla Soviyevi elmin mətbəxinə gətirdi. Mayası saflıqla tutulan, kündəsi halallıqla kəsilən Abdulla Sofiyev hər zaman oturduğu yerin və aldığı paranın haqqını verən alimlərdən oldu.
Məşhur amerikalı yazıçı Cekson Braunun aforizmə çevrilmiş “vaxtınız yoxdur deyib durmayın. Sizin də vaxtınız Leonardo da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albert Eynşteynin sahib olduğu vaxt qədərdir”, - deyimi Abdulla müəllimin həyatına çox uyğundur. Çünki Abdulla Avey zamanın dəyərini çox dərindən dərk etmiş, həyatında hər şeyi düzgün zaman bölgüləri ilə idarə edə bilmiş böyük alimdir.
On doqquz Mays Universitetindən İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetinə getdikdən sonra burada ömrünün ən məhsuldar dövrünü - 22 ilini keçirdi. Elmlə məşğul olan insanlar üçün də iş planlanmasında zaman bölgüsü çox önəmlidir. Süleyman Dəmirəl Universitetinin Mexanika kafedrasının professoru, bir müddət sonra isə kafedra müdiri olan Abdulla Avey dünyanın ünlü mexanika araşdırmaçıları ilə bir sırada çalışaraq elmə böyük töhfələr vermişdir. Beynəlxalq nüfuzlu konfranslarda məruzələr edərək əldə etdiyi uğurlu elmi nailiyyətləri elmi ictimaiyyətin diqqətinə yeni problemlərin qoyuluşu və həlli yollarını çatdırır. Çalışdığı illər ərzində Abdulla müəllim 2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüşdür.
Professor Abdulla Aveyin elmdə uğur qazanmasının, elmi-tədqiqat işlərinin uğurlu olmasının bir və birinci səbəbi hər bir tədqiqat işinə yanaşmasından, problemin qoyuluşundan və bu problemin həlli yolunun dooğru araşdırılmasından asılıdır. Təbii ki, böyük alimi xarakterizə etmək üçün dahilərin fikirlərindən istifadə etmək çox yerinə düşən bir məslədir. Məşhur alman filosofu, "İradə və təmsil kimi dünya" əsəri ilə məşhurlaşan Artur Şopenhauer “İstedadlı adam qoyulmuş məsələni hamıdan yaxşı həll edəndir, dahi isə başqalarının heç ağlına da gəlməyən məsələlər qoyur”, - deyimi də sanki Abdulla Avey kimi nəhəng alimlər üçün söylənilmişdir. Onun apardığı elmi-tədqiat işləri mexanika sahəsi ilə məşğul olan minlərlə alimin yanaşa bilmədiyi, bəzən də görə bilmədikləri hadisələri ustalıqla həll etməsi sayəsində bəşəriyyət üçün əlçatan olmuşdur. Gərgin elmi-tədqiqatları sayəsində professor Sofiyev 2003 vǝ 2004-cü illǝrdǝ dünyada ilk dǝfǝ funksional dǝrǝcǝlǝnmiş materiallardan hazırlanmış silindir vǝ konus şǝklindǝki örtüklǝrin dinamik stabilləşmə probleminin hǝllinǝ nail olmuşdur. 2006 və 2014-cü illǝrdǝ fǝrqli nǝzǝriyyǝlǝrdǝn istifadǝ edǝrǝk yeni nǝsil kompozitlǝrdǝn hazırlanmış örtüklü vǝ sendviç örtüklǝrin bütöv mühitdǝ stabilləşmə vǝ titrǝşim problemlǝrinin hǝll yolunu tapmışdır. Dəyərli oxucu üçün maraqlı olar ki, bu elmi nailiyyətlərin tətbiqi hansı sahələrdə gerçəkləşə bilər. Əminliklə söyləyək ki, bu nǝticǝlǝr süni peyklǝrdǝ, qanadlı roketlǝrdǝ, kosmik gǝmilǝrdǝ vǝ atom reaktorlarında geniş istifadǝ edilə bilər. Həmçinin professor Sofiyev öz tədqiaat işlərinə əsaslanaraq mühəndislik və xüsusən də aviasiya mühəndisliyi sahəsində dünyanın üzləşdiyi problemlərin həllinə fərqli perspektiv təklif edib. Məhz bu elmi hipotezlərinə görə ona dəfələrlə dünyanın ən nüfuzlu universitetlərindən iş təklifi gəlmişdir. Özünün də söylədiyi kimi 2004-cü ildə Stenford Universitetindən çox ciddi dəvət alsa da, son anda özünün ikinci vətəni hesab etdiyi qardaş Türkiyədə qalmağa üstünlük verib. Təbii ki, Damcılı bulağının suyu kimi saf qəlbə sahib olan professor Abdulla Sofiyevin mexanikanın müasir problemlərinin həlli sahǝsində çalışdığı fundamental araşdırmaları dünyanın harasında olmasından asılı olmayaraq daha böyük şövqlə davam edir vǝ bu sahədə dünyada aparıcı elm adamlarından biri kimi söz sahibləindəndir.
https://tumtmk.org.tr/degerlerimiz/
Təbii ki, elmdə ələ alınmış estafet həm də gələcəyə daşınan ənənənin qorunmasına xidmət edir. Ona görə də hər bir alim öz səhəsi üzrə dünyaca məşhur jurnallarda rəyçi olmalıdır ki, həm yenilikləri izləyə bilsin, həm də tədqiqatçılara istiqamət verə bilsin. Odur ki, Professor Abdulla Sofiyev, 40 dan çox Beynǝlxalq elmmetrik bazalarda indekslənmiş mexanika, riyaziyyat və mühǝndislik profoilli jurnallarında yorulmadan openentlik etmǝkdǝdir. Dǝfǝlǝrlǝ Beynǝlxalq Konqreslǝrin Tǝşkilat Komitǝsinǝ vǝ Elm Komitǝsinǝ üzv də seçilmişdir ki, bunlar da dəqiq zamanlama və vaxtın düzgün idarə edilməsi sayəsində mümkün olmuşdur. Mexanika sahəsində genişlənən elmi-tədqiqat işləri sayəsində 2007-ci ildǝn Nəzəri vǝ Tətbiqi Mekanika Türk Milli Komitǝsinin üzvü, 2016-cı ildǝn isə həmin Komitənin sǝdr müavini seçilmişdir.
350-dan çox elmi məqaləsi çap olunmuş, SCOPUS bazasında H (Hirş) indeksi 47 olan professor Abdulla Aveyin elmi xidmətləri ümubəşəri miqyasda olduğundan onu mexanika sahəsində nüfuzlu elmi jurnallarda redaksiya heyətində təmsil olunan ünlü alimlər sırasında görmək adət halını almışdır. Xüsusən mexanikanın kompozit materiallar sahəsində reytinq göstəricilərinə görə SCOPUS və Web of Science elmmetrik bazalarında Q1 keyfiyyəti ilə indekslənmiş “Composite Structures” beynəlxalq jurnalın və həmin bazalarda Q2 keyfiyyəti ilə indekslənmiş “Acta Mechanica” jurnalının redaksiya heyətində yer almış professor Abdulla Avey kompozit materiallar, nəzəri və tətbiqi mexanika sahəsində tədqiqat aparan alimlərin elmi məqalələrinin mötəbərliyinə qiymət verir, onları düzgün istiqamətə yönəldir, tədqiqatların aktuallığının şaxələrini göstərir.
TUMTMK veb-saytında, mexanika sahəsinə verdikləri mühüm elmi və akademik töhfələrə görə seçilən türk alimlərini tanıtmaq məqsədilə “Dəyərlərimiz” başlıqlı bölüm hazırlamışdır. Bu saytda, mexanika elminin inkişafına dünya miqyasında əhəmiyyətli qatqılar vermiş 10 tanınmış türk alimi yer almaqdadır. Onların arasında, beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirilən Abdulla müəllim də bu nüfuzlu siyahıya daxil edilmişdir.
Bəli, Elmi-pedaqoji fəaliyyətini Türkiyənin İstanbul Ticarət Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin Riyaziyyat Bölümündə davam etdirən professor Abdulla Aveyin elmi fəaliyyəti, beynəlxalq elmi uğurları haqqında məlumatları bir məqaləyə sığdırmaq qeyri-mümkündür. Çünki professor Abdulla Aveyin hər bir əsəri üzərində geniş məzmunlu və keyfiyyətli formada arayışlar yazılsa bir neçə cild kitabla bu işləri yekunlaşdırmaq olar.
Qədim türk yurdu Qazax mahalının Daş Salahlı kəndindən başlanan böyük və mənalı ömür yolu keçən böyük alim Abdulla Aveyi elm yolunda yorulmadan irəliləməyə sövq edən onun insanı dəyərlərinin yüksək olması olmuşdur. Məşhur ingilis şairi Samuel Consonun sözləri ilə desək “böyük insan olmaq yolunda atacağınız ilk addım, dürüst olmaqdır”. Bəli, professor Abdulla Aveyin də həyat yolu məhz bu dürüstlüklər üzərində qurulmuşdur. Öz sözünü yerində deməyi bacaran, üzərinə düşən məsuliyyəti dərk edən, ömür yolunda doğru yaşamağı bacaran professor Abdulla Avey türk əxlaqından yoğrulmuş ötkəm xarakteri ilə daim şəxsiyyətini uca tutmağı bacarmış alimdir.
Ona görə də bəşəriyyət bu böyük elm fədaisindən bundan sonra da böyük nailiyyətlər və yeniliklər gözləyir.
Professor Hüseyn Xəlilov
Bakı Dövlət Universiteti
Qazax filialı