08 yanvar 2026 19:14
311

Xankəndi Azərbaycanın gələcəyinin modeli kimi formalaşır - MÜSAHİBƏ

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sistemli bərpa-quruculuq həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən Böyük Qayıdış Proqramı çərçivəsində şəhər, qəsəbə və kəndlərdə müasir şəhərsalma prinsiplərinə əsaslanan kompleks layihələr icra olunur, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yollar, enerji və su təchizatı sistemləri qurulur, tarixi abidələr yenidən dirçəldilir. Həm də məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Bu və digər məsələlərlə əlaqədar Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əməkdar jurnalist Afət Telmanqızına müraciət etdik.

-Afət xanım, indiyədək Böyük Qayıdış Proqramı çərçivəsində Xankəndi şəhərinə, Ağdərə və Xocalı rayonlarına köç prosesi ilə bağlı nələr deyə bilərsiniz?

-Böyük Qayıdış Azərbaycanın dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq həm sosial, həm iqtisadi, həm də geosiyasi aspektlərdən böyük əhəmiyyət daşıyır. Bunun uğurla həyata keçirilməsi təkcə əhalinin geri qayıdışını təmin etmir, həm də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təməlini qoyur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi 2025-ci il ərzində ardıcıl və planlı şəkildə davam etdirilib. Bu proses bu il də davam edir. Köçən ailələr üçün təhlükəsiz yaşayış şəraitinin yaradılması, müasir təhsil müəssisələrinin, səhiyyə xidmətlərinin və sosial infrastrukturun bərpası növbəti mərhələnin əsas hədəflərindəndir.

- Bəs onların işlə təminatı necədir?

- Təbii ki, azad olunmuş ərazilərdə təkcə infrastrukturun qurulması kifayət deyil. Burada iş yerləri də yaradılır. Yəni, insanların məşğulluğunun təminatı məsələsi daim diqqət mərkəzindədir. Sakinlərin dövlət və özəl qurumlarda işlə təminatı istiqamətində tədbirlər görülür, dəstək göstərilir. Bundan başqa, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş insanlar üçün də burada şərait yaradılır. Sakinlərə torpaq sahələrinin verilməsi prosesi də davam edir. Unutmayaq ki, sosial, iqtisadi və siyasi dayanıqlığın təmin olunması zəncirvari prosesdir. Bu prosesin hər bir halqası digərini dəstəkləyir.

- Hazırda həyata keçirilən quruculuq işləri barədə nələr söyləyə bilərsiniz?

-Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İnfrastruktur – yollar, su, elektrik, qaz və rabitə xətləri yenilənib, bütün yaşayış və qeyri-yaşayış fonduna texniki baxış keçirilib. İstifadəyə yararsız tikililər sökülüb, onların yerində müasir ictimai məkanlar, iaşə obyektləri qurulur. Xankəndidəki əsas binaların əksəriyyəti - Zəfər Muzeyi, Prezidentin Xüsusi Nümayəndəliyinin, Mədəniyyət Mərkəzinin binası təmir edilir. Şəhərin mədəni yaddaşını yaşadan Dövlət Dram Teatrında da bərpa prosesi gedir. Artıq Konqres Mərkəzi möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib. Biznes Mərkəzi tam təmir olunub. Layihələr sırasında ümumi sahəsi 9 hektar olan Zəfər parkı xüsusi əhəmiyyət daşıyır. Park artıq sakinlərin ixtiyarına verilib. Onu da qeyd edim ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən ilin dekabr ayında Zəfər parkının açılışında iştirak ediblər.

Yeri gəlmişkən qeyd edim ki, Xankəndi şəhərində Zəfər parkının yaradılması bir neçə mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu layihə Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak etməklə yanaşı, Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini də qoyub. “Xankəndi-1” elektrik yarımstansiyasının, həmçinin Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.  Həm də Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb. Məlumat üçün qeyd edək ki, ötən il dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub. Uzun illər məcburi köçkün həyatı yaşayan Kərkicahan sakinləri doğma yurdlarına qayıdıblar.

Bəli, bu gün Xankəndi tarixi irsi qorumaqla, müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən formalaşır. Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır, burada həyata keçirilən layihələr insan mərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır. Onu da qeyd edim ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Ağdamla yanaşı, Xankəndinin də azad edilmiş bölgələrin əsas şəhəri olacağını bildirib.

Xankəndi ilə yanaşı, Ağdərənin, Xocalının kəndlərində də bərpa və infrastruktur layihələri icra olunur. Kəndlərdə yollar salınır, mühəndis-kommunikasiya xətləri yenilənir, fərdi yaşayış evləri sakinlərin qayıdışı üçün tam şəkildə bərpa edilir.

-Özəl sektor tərəfindən həyata kecirlən və reallaşdırılacaq işlər barədə nə deyə bilərsiniz?

- Bölgəyə investisiyalar yatırılır, fəaliyyətə başlamış obyektlərdə insanlar işlə təmin olunur. İdxaldan asılılığı azaltmaq üçün yerli istehsal müəssisələri də yaradılıb. Xankəndi şəhərində, Xocalı və Ağdərədə sahibkarlıq subyektləri fəaliyyətə başlayıb. Onu da vurğulım ki, Xankəndi, Ağdərədə və Xocalıda ümumilkidə 500-dən çox obyekt fəaliyyət göstərir.

-Afət xanım, artıq işğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq tədbirlər də keçirilir. Məsələn, ötən ilin oktyabr ayında Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə 60-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə III Azərbaycan Milli Şəhərsalma Forumu Xankəndidə təşkil edildi. Bütün bunları artıq işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əməkdaşlıq və dialoq məkanına çevrilməsi kimi dəyərləndirmək olarmı?  

- Əlbəttə. Yeri gəlmişkən, ötən ilin iyul ayında Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Şübhəsiz, Zirvə görüşünün ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanın Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır. Bu, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təntənəsi kimi qiymətləndirilməlidir. O ki qaldı sizin qeyd etdiyiniz tədbir, şübhəsiz, bu, beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək. Nüfuzlu beynəlxalq tədbirlər, dost, qardaş ölkələrin hökumət və dövlət başçılarının iştirakı ilə baş tutan görüşlər bir daha sübut edir ki, işğaldan azad edilmiş ərazilərimiz də artıq ölkəmizin mənəvi-humanitar mərkəzlərinə çevrilməkdədir.

Qvami Məhəbbətoğlu, “İki sahil”