Çin hökuməti Tayvan adasındakı separatçı qurumun “daxili işlər naziri” Liu Şi-Fanı və “təhsil naziri” Çen İn-Yaonu “Tayvanın müstəqilliyi”nin qızğın tərəfdarları siyahısına salıb.
“İki sahil” xəbər verir ki, bunu Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tayvan işləri üzrə ofisinin nümayəndəsi Çen Binhua açıqlayıb. O, “qara siyahı”da olan şəxslərin sayının hazırda 14-ə çatdığını deyib.
Çen Binhua bildirib ki, "Tayvanın müstəqilliyi" ideyasının tərəfdarları ölkəni parçalamaq və Çinin materik hissəsi ilə Tayvan adası arasında münasibətləri sabotaj etmək istəyən qanun pozucuları və cinayətkarlar, eyni zamanda Çin xalqının maraqlarına zərər verən xainləridir.
"Biz onları qanuna uyğun olaraq cəzalandırmaq və ömürlük məsuliyyətə cəlb etmək üçün bütün lazımi tədbirləri görəcəyik", -deyə ofisin rəsmisi bildirib.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra vətəndaş müharibəsində Mao Cedounun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Qomindan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edib. Çin hökuməti Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Rəsmi Pekin Çin Xalq Respublikası ilə diplomatik münasibətləri olan ölkələrdən Tayvandakı separatçı qurumla siyasi əlaqəni kəsməyi tələb edir.
Çin tərəfi adanın Çinə birləşdirilməsi, daha dəqiqi adada Çin Xalq Respublikasının suverenliyinin təminatının zaman məsələsi olduğunu bəyan edib. Rəsmi Pekin bu prosesin yumşaq yolla reallaşmasına can atıb. Amma son illər ən yüksək səviyyədə rəsmilərin dilində Çinin Tayvanda suverenliyin bərpası üçün bütün mümkün vasitələrdən istifadə edə biləcəyinə dair fikirlər səslənib.