04 yanvar 2026 22:35
186

Bayraktar: Türkiyə yalnız yerli texnologiyaya güvənmək şərti ilə dayana bilər

Ədalətsizliyin və qanunsuzluğun beynəlxalq münasibətlərin yeni normasına çevrildiyi bir dövrdə Türkiyə yalnız yerli texnologiyaya güvənmək şərti ilə dayana bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Selçuk Bayraktarın bazar günü sosial media paylaşımında deyilir.

Dron istehsalçı-şirkətinin rəhbəri Venesueladakı vəziyyətə diqqət çəkərək, baş verənlərin Türkiyə rəhbərliyinin milli texnoloji irəliləyişlərə sadiqliyinin düzgünlüyünü bir daha nümayiş etdirdiyini vurğulayıb.

O, yerli texnologiya sektorunun və müdafiə sənayesinin inkişafını həm Türkiyə, həm də dost dövlətlər üçün əvəzolunmaz adlandırıb. “Dünyada güclünün hüququnun hökm sürdüyü bir dövrdə heç kim özünü təhlükəsiz hiss edə bilməz. Bu dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü və müstəqilliyini gücləndirməlidirlər”, - deyə Bayraktar vurğulayıb.