20 sentyabr 2026 13:05
97

Fransada gecə iğtişaşları

Fransanın İndr-et-Luar departamentində yerləşən Sen-Pyer-dö-Kor şəhərində şənbə günündən bazara keçən gecə ciddi iğtişaşlar baş verib.

“İki sahil” xəbər verir ki, hadisələr polis əməkdaşlarının itaətsizlik edən və şəhər rodeosunda iştirak edən skuterlərdən birinin sürücüsü ilə toqquşmasından sonra başlayıb.

İlkin məlumatlara görə, şənbə günü saat 19 radələrində xüsusi polis bölməsinin əməkdaşları ticarət mərkəzinin dayanacağında iki skuterin iştirak etdiyi qanunsuz küçə yarışının qarşısını almağa çalışıblar. Sürücülər polisin əmrinə tabe olmayıb. Onlardan biri polis avtomobilinə çırpılıb və skuterdən yıxılaraq ayağından xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisədən sonra ərazidə təxminən 100 nəfərlik qrup polis əməkdaşlarına hücum edib. Daha sonra zorakılıqlar genişlənib və polisin məlumatına görə, təxminən 250 nəfər kiçik qruplara bölünərək, hüquq-mühafizə orqanlarına daş və digər əşyalar atıb.

Vəziyyətin nəzarətdən çıxmasından sonra əraziyə Səkkizinci Respublikaçı Təhlükəsizlik Bölüyünün (CRS 8) əməkdaşları və jandarm helikopteri göndərilib. Gecə ərzində iki polis avtomobili yandırılıb, daha bir avtomobilə ziyan dəyib. Ümumilikdə 9 polis və jandarm yaralanıb. Polis asayişi bərpa etmək üçün təxminən 100 dəfə gözyaşardıcı qazdan istifadə edib. Sakitlik səhər saat 4 radələrində bərpa olunub.

Hadisələrlə bağlı 5 nəfər saxlanılıb. Məlumata görə, qarşıdurmalar zamanı iğtişaş iştirakçılarının hüquq-mühafizə orqanlarına məxsus bəzi avadanlıqları, o cümlədən gülləkeçirməz jiletləri götürdüyü bildirilir.

İndr-et-Luar prefekturasının rəhbərliyinin nümayəndəsi Pyer-Anj Savelli bildirib ki, Sen-Pyer-de-Kor və Tur şəhərlərində ümumilikdə 20 avtomobil yandırılıb.