30 dekabr 2025 08:33
86

Maduro: Venesuela ordusu bu il 39 narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib

Venesuela ordusu 2025-ci il ərzində narkotik qaçaqmalçılığı ilə məşğul olan 39 təyyarəni məhv edib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanı məlumat verib. Prezident bildirib ki, Silahlı Qüvvələr, ərazi müdafiə sistemi, xüsusilə hava hücumundan müdafiə və hərbi aviasiya bölmələri yüksək peşəkarlıq nümayiş etdiriblər. Onun sözlərinə görə, dekabrın 28-də Apure ştatında bu il ərzində 31-ci narkotik qaçaqmalçılığı təyyarəsi vurulub.

Maduro əlavə edib ki, bazar ertəsi günü Amazonas ştatında daha səkkiz təyyarə məhv edilib və bununla da 2025-ci il üzrə məhv edilən təyyarələrin ümumi sayı 39-a çatıb.

Prezidentin sözlərinə görə, narkotik qaçaqmalçılığına qarşı qanunun qəbul edildiyi vaxtdan bəri Venesuela ordusu ümumilikdə 430 narkotik daşıyan təyyarəni zərərsizləşdirib.

Xatırladaq ki, 2025-ci ilin sentyabr ayından etibarən Tramp administrasiyası Venesuela narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən gəmilərə və obyektlərə qarşı bir sıra hərbi zərbələr endirib. Dekabrın 30-dək ABŞ tərəfindən ən azı 30 hücumun həyata keçirildiyi və quru əməliyyatının planlaşdırıldığı bildirilir.