30 dekabr 2025 09:52
110

“Azərkosmos” peyk və coğrafi texnologiyalar üzrə milli imkanları genişləndirir

Rəqəmsal transformasiya və yüksək texnologiyaların sürətli inkişafı müasir dövrdə dövlət idarəçiliyinin bütün sahələrində yeni yanaşmaların formalaşmasına səbəb olmuşdur. Bu kontekstdə coğrafi informasiya sistemləri (CİS) və peyk texnologiyaları qərarvermə proseslərinin elmi əsaslarla, dəqiq məlumatlara söykənərək həyata keçirilməsində mühüm rol oynayır. Peyk təsvirləri və coğrafi məlumatların analizi ərazilərin monitorinqi, resursların səmərəli idarə olunması, təhlükəsizlik və dayanıqlı inkişaf strategiyalarının icrası baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında kosmik sənayenin inkişafı və peyk əsaslı xidmətlərin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə fəaliyyət göstərən Azәrbaycan Nәqliyyat vә Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan   Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən təqdim olunan innovativ CİS həlləri kənd təsərrüfatı, şəhərsalma, nəqliyyat, ekoloji monitorinq və fövqəladə hallar idarəçiliyi sahələrində praktiki nəticələr verməkdədir. Milli coğrafi məlumat bazasının formalaşdırılması, peyk müşahidələrinin tətbiqi və rəqəmsal platformaların yaradılması dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir.

“Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov “İki sahil” qəzetinə müsahibəsində coğrafi informasiya sistemlərinin və peyk texnologiyalarının ölkənin sosial-iqtisadi inkişafında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində və strateji qərarların qəbulunda oynadığı mühüm roldan bəhs edir. O, peyk təsvirləri və müasir coğrafi məlumatların kənd təsərrüfatı, şəhərsalma, nəqliyyat, ekoloji monitorinq və fövqəladə hallar idarəçiliyi sahələrində geniş tətbiq olunduğunu diqqətə çatdırır.

-CİS texnologiyalarının kənd təsərrüfatı və torpaq idarəçiliyində tətbiqi fermerlərə hansı üstünlüklər verir?

-Fermerlər üçün CİS texnologiyaları məhsuldarlığı artırmaq və resurslardan səmərəli istifadə etmək baxımından böyük üstünlüklər yaradır. Məsələn, CİS texnologiyaları torpağın vəziyyətini, suvarma ehtiyacını və məhsulun inkişaf mərhələlərini izləmək mümkündür. Bunun sayəsində fermerlər gübrə və suvarmanı düzgün vaxtda tətbiq edə bilir, məhsul itkisini minimuma endirir və iqtisadi səmərəliliyi artırırlar. Eyni zamanda, böyük sahələrin monitorinqi və xəritələşdirilməsi torpaq idarəçiliyini daha şəffaf və effektiv edir.

“Azərkosmos”un “FarmerApp” həlli də məhz bu məqsədlərə xidmət edir: tətbiq fermerlərə torpaq və məhsul vəziyyəti barədə operativ məlumat verir, suvarma və gübrələmə üzrə tövsiyələr təqdim edir və real vaxt monitorinq imkanı yaradaraq təsərrüfat qərarlarının daha dəqiq verilməsinə şərait yaradır.

-Təbii fəlakətlər zamanı CİS texnologiyaları fövqəladə hallar idarəçiliyinə necə kömək edir?

-Təbii fəlakətlər – daşqınlar, zəlzələlər və meşə yanğınları kimi hadisələr zamanı CİS texnologiyaları fövqəladə hallar idarəçiliyində əvəzsiz rol oynayır. Bu texnologiyalar zərər görmüş ərazilərin operativ xəritələnməsinə, yardım və evakuasiya planlarının düzgün qurulmasına imkan verir. Məsələn, daşqın baş verən zonada suyun səviyyəsini və təhlükə hüdudlarını dəqiq müəyyən etməklə insanlar vaxtında təhlükəsiz ərazilərə yönləndirilə bilir. Bununla yanaşı, CİS fövqəladə hallar komandalarına real vaxtda vizual məlumat təqdim edərək resursların bölüşdürülməsinə və əməliyyatların koordinasiyasına yardım edir.

Bu imkanların real nümunələrindən biri Azərkosmos tərəfindən təqdim olunan yüksək dəqiqlikli rəqəmsal relyef modelinin (DEM – Digital Elevation Model) Qırğızıstanda potensial fəlakətin qarşısının alınmasında oynadığı mühüm roldur. Bu məlumatlar həmin ölkədə yüzlərlə insanın həyatının xilas edilməsinə kömək edib.

DEM ərazinin yüksəklik məlumatlarını rəqəmsal şəkildə əks etdirən coğrafi modeldir və relyefin strukturunu dəqiq təsvir etmək üçün istifadə olunur. Peyk təsvirlərinin təhlili və əlavə monitorinq məlumatları göstərib ki, Qırğızıstanın İssık-göl bölgəsində dağ gölünün daşmasının qarşısını almaq mümkün deyil və ətraf kəndlər ciddi təhlükə altındadır. Bu informasiya əsasında ölkənin aidiyyəti qurumları dərhal hərəkətə keçərək riskli yaşayış məntəqələrindən insanların təxliyəsini təşkil ediblər. Evakuasiyadan cəmi dörd gün sonra gözlənilən daşqın baş versə də, vaxtında görülmüş tədbirlər sayəsində 500 nəfərin həyatı xilas olunub.

-Coğrafi məlumatların milli bazasının yaradılması istiqamətində hansı işlər görülür?

-Milli coğrafi məlumat bazasının yaradılması ölkəmizdə prioritet layihələrdən biridir. Bu istiqamətdə ərazilərin rəqəmsallaşdırılması, mövcud xəritələrin yenilənməsi və vahid standartlara uyğun məlumatların toplanması işləri aparılır. Məsələn, kənd təsərrüfatı sahələrindən tutmuş şəhər infrastrukturuna qədər bütün məlumatlar bir platformada birləşdirilir. Bu baza dövlət qurumlarına qərarvermədə və layihələrin icrasında kömək edir, həmçinin elmi-tədqiqat işləri üçün də əsas məlumat mənbəyi yaradır.

-CİS sistemləri ölkənin təhlükəsizlik və müdafiə strategiyalarında hansı rolu oynaya bilər?

-CİS sistemləri ölkəmizin təhlükəsizlik və müdafiə sahəsində çox vacib bir rol oynayır. Məsələn, sərhəd bölgələrində hərəkətləri izləmək, potensial təhlükələri öncədən müəyyən etmək və əməliyyat planlarını optimallaşdırmaq üçün coğrafi məlumatlardan istifadə olunur. Bu texnologiya sayəsində təhlükəsizlik orqanları daha sürətli qərarlar qəbul edə bilir və resurslarını səmərəli idarə edə bilir. Eyni zamanda, döyüş və ya fövqəladə vəziyyət zamanı real-vaxt məlumatların əldə olunması döyüş planlamasını və müdafiə tədbirlərini daha effektiv edir.

-Bu texnologiyalar şəhər planlaşdırılması və nəqliyyat idarəçiliyində necə istifadə olunur?

-Şəhər planlaşdırılmasında CİS texnologiyaları infrastruktur layihələrinin və nəqliyyat şəbəkələrinin optimallaşdırılmasına xidmət edir. Misal üçün, yol hərəkəti, park yerləri və ictimai nəqliyyat marşrutları analiz edilərək, tıxacların qarşısı alınır və şəhər sakinləri üçün rahatlıq təmin edilir. Həmçinin yeni binaların yerləşdirilməsi və ictimai obyektlərin planlaşdırılması zamanı ərazi məlumatları istifadə olunur ki, şəhər daha səmərəli və estetik inkişaf etsin.

-CİS texnologiyaları dövlət qərarlarının şəffaflığını artırmaqda necə rol oynaya bilər?

 -CİS texnologiyaları dövlət qurumlarının məlumatları və layihələri ictimaiyyətə vizual şəkildə təqdim etməsinə imkan yaradır. Bu da vətəndaşların layihələr barədə məlumatlı olmasını təmin edir və qərarvermə prosesində şəffaflığı artırır. Məsələn, açıq xəritələr vasitəsilə vətəndaşlar torpaq sahələrinin, infrastruktur layihələrinin və ya ekoloji monitorinqin nəticələrini görə bilirlər. Bu isə həm etibarı artırır, həm də ictimai nəzarəti gücləndirir.

-Coğrafi məlumatların ictimai istifadəsi nə dərəcədə mümkündür?

-Coğrafi məlumatların ictimai istifadəsi getdikcə genişlənir və açıq xəritələr, interaktiv portallar vasitəsilə hər kəs üçün əlçatan olur. Məsələn, şəhər sakinləri öz binalarının yerləşdiyi əraziləri və ya yaşıllıq sahələrini onlayn platformalarda görə bilir. Bu da vətəndaşların məlumatlılığını artırır və onların sosial qərarvermədə iştirakını təmin edir.

-Universitetlərdə CİS ixtisası üzrə tədris səviyyəsini necə qiymətləndirirsiniz?

-Azərbaycanda CİS ixtisası üzrə tədris əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Milli Aviasiya Akademiyası və ADA Universitetində aparılır və tələbələr həm nəzəri biliklər, həm də praktiki layihələr üzrə hazırlıq alırlar. Lakin hələ də müasir peyk məlumatları ilə işləmə, yüksək dəqiqlikli coğrafi analiz və real layihələr üzərində təcrübə imkanları məhduddur, buna görə də tələbələrin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq üçün daha çox praktik biliklərin əldə edilməsi imkanlarının yaradılması lazımdır.  “Azərkosmos” olaraq hər il onlarla tələbənin təcrübə keçməsinə şərait yaradırıq.

-CİS üzrə yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanması üçün hansı təşəbbüslər var?

-Yerli mütəxəssislər üçün beynəlxalq təcrübə proqramları, təqaüd və treninqlər mövcuddur. Bir sıra qurum və universitetlər CİS mütəxəssislərinin beynəlxalq təcrübə qazanması üçün beynəlxalq proqramlarda, beynəlxalq seminar və konfranslarda iştirak, eləcə də xarici peyk və CIS şirkətləri ilə əməkdaşlıq imkanları yaradır. Həmçinin “Azərkosmos” beynəlxalq layihələrdə yerli mütəxəssislərin iştirakını təmin edir ki, onlar yeni texnologiyalar və praktik bilikləri öyrənsin və ölkəyə tətbiq etsinlər.

Bundan əlavə, “Azərkosmos” yerli mütəxəssislərin International Astronautical Congress (IAC) kimi nüfuzlu beynəlxalq tədbirlərdə iştirakını təmin edir. Bu da onların qlobal elmi müzakirələrə qoşulmasına və yeni texnologiyalarla tanış olmasına şərait yaradır.

Eyni zamanda, “Yerin Məsafədən Müşahidəsi” üzrə keçirilən müsabiqə də yerli mütəxəssislərin innovativ layihələrlə beynəlxalq təcrübəyə inteqrasiya olunmasına, bilik və bacarıqlarının inkişafına töhfə verir.

-Sizcə, yaxın 10 ildə peyk və coğrafi texnologiyalar hansı istiqamətdə inkişaf edəcək?

-Yaxın 10 ildə peyk və coğrafi texnologiyalar həm beynəlxalq səviyyədə, həm də Azərbaycanda sürətlə inkişaf edəcək və daha geniş istifadəyə malik olacaq. Beynəlxalq arenada yüksək dəqiqlikli peyk görüntüləri, real-vaxt məlumatların emalı və süni intellektin inteqrasiyası şəhərsalma, kənd təsərrüfatı, ekoloji monitorinq, təbii fəlakətlərin proqnozlaşdırılması və təhlükəsizlik sahələrində yeni standartlar yaradacaq. Azərbaycanda isə yerli peyk proqramları, “Azərkosmos”un layihələri və dron texnologiyalarının inkişafı bu trendləri izləyir və ölkəmizə müstəqil məlumat toplama, coğrafi analiz və qərarvermə imkanları yaradır. Həm dövlət, həm özəl sektor, həm də vətəndaşlar üçün məlumatların əlçatanlığı artacaq; məsələn, kənd təsərrüfatında məhsul monitorinqi və torpaq idarəçiliyi, şəhərsalma və nəqliyyat planlaması daha dəqiq və effektiv olacaq.

Peyk və CİS texnologiyalarının ucuzlaşması və mini peyklərin, nano peyklərin istifadəsi, həmçinin bulud əsaslı coğrafi məlumat xidmətlərinin genişlənməsi ölkələr arasında məlumat mübadiləsini asanlaşdıracaq. Bu isə Azərbaycan kimi inkişaf edən ölkələr üçün həm texnologiya transferini, həm də beynəlxalq əməkdaşlıq imkanlarını artıracaq.

Yaqut Ağaşahqızı, ”İki sahil”