26 dekabr 2025 23:35
113

Azərbaycan idmançıları dövlətin yüksək qayğısı ilə əhatə olunub

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında  vurğuladı ki, bu il Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, rekord sayda - 2000-dən çox medal qazanılmışdır

Başa çatmasına sayılı günlər qalan 2025-ci il Azərbaycan idmanında böyük uğurlarla yadda qaldı. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə çempionatlar, Qran-pri yarışları, III MDB Oyunları yüksək səviyyədə təşkil olundu. Təsadüfi deyil ki, bu il də Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, rekord sayda - 2000-dən çox medal qazanılmışdır. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək edir, turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu kimi, bu il də Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti vurğulayıb ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırıb: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.

Sağlam həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə çatdırdı. Bildirib ki, Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər”.

Qeyd olundu ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmini və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın bölgələrində 46 müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hətta, işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş planında öz əksini tapmışdır. Belə ki, Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində idman kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları təşkil edilir. Şuşa şəhərində də bir neçə idman yarışı keçirilmişdir. Azərbaycanın büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion da hazırda əsaslı şəkildə təmir edilir, yenidən qurulur. Xatırladaq ki, hələ iki il bundan əvvəl Xankəndi stadionunda tarixi futbol yarışı - Azərbaycan Kubokunun 1/8 final mərhələsi “Qarabağ” – MOİK komandaları arasında oyun baş tutmuşdu. Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində çıxış etmiş və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə topu oyuna daxil etmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, bu il Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi etdi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda öz məharətini göstərdiyi III MDB Oyunları uğurlarla yadda qaldı. Azərbaycan 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa vurdu. Bu, Azərbaycan idmançılarının  2021-ci ildən keçirilən MDB Oyunlarında ən uğurlu göstəricisidir. On bir gün ərzində yarışlar Gəncə, Qəbələ, Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən 12 obyektdə keçirildi ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə hazırlanması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunmuş mərasimdə dedi: “Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük”.

Məlum olduğu kimi, bu il ölkəmizdə ilk dəfə UFC turniri keçirildi. UFC-nin prezidenti Deyna Uayt iyunun 20-də Prezident İlham Əliyevlə görüşdə bu turnirə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğulayaraq, göstərilmiş dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. Prezident İlham Əliyev cıxışında bildirdi ki, UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın idman ölkəsi kimi dünyada artan nüfuzunun və potensialının daha bir göstəricisidir: “…turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki, Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür”.

Qeyd edək ki, gələn il də ölkəmizdə nüfuzlu idman yarışlarının keçirilməsi gözlənilir. Xüsusilə də xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunu qeyd etmək olar. Belə ki, ölkəmiz 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək. Beynəlxalq Xizək Alpinizmi Federasiyası (İSMF) ilə əldə olunan razılığa əsasən, yarışların "Şahdağ" Turizm Mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb. Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur. Dövlət başçısı bildirib ki, sözlərinə görə, qış idmanı növündə Dünya Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir: “Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir…”.

Onu da vurğulayaq ki, dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək qayğının nümunəsi kimi Prezident təqaüdünün təsis edilməsi, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis edilmişdir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Bu il də istisna olmadı. Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırıldılar. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir sıra şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim etdi. Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə isə bəzi idmançılar “Tərəqqi” medalları ilə təltif olundular. Dövlət başçısı, həmçinin 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə isə yeni mənzillərin orderlərini təqdim etdi.

Beləliklə, Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, idman sahəsinə də də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.

Sevinc Azadi, “İki sahil”