28 dekabr 2025 22:34
110

“Fərqindəlik” layihəsi Hacıqabul rayonunda reallaşıb

Dekabrın 28-də “Fərqindəlik” layihəsi Hacıqabul rayonunda reallaşıb. Aksiya “PAŞA Holding” və Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

“İki sahil” xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu təşəbbüsün əsas məqsədi bölgədə ictimai sağlamlıq biliklərini artırmaq, erkən diaqnozun vacibliyinə diqqət çəkmək və yerli əhaliyə daha əlçatan tibbi xidmətlər təqdim etməkdir.

Aksiya saat 10:00-dan 17:00-dək davam edib. Bu müddətdə Hacıqabul rayon sakinləri üçün qanda şəkər səviyyəsinin və arterial təzyiqin yoxlanılması, oftalmoloji xidmətlər, eyni zamanda, endikrinoloji, ginekoloji, pediatrik, nevroloji və kardioloji müayinələr təşkil olunub.

Aksiyaya qatılanlara sağlamlıqla bağlı fərdi məsləhətlər verilib, onlar sağlamlıqları ilə bağlı narahatlıqlarına uyğun olaraq müvafiq sahələrə yönləndiriliblər. Risk qrupunda olan insanlara fərdi sağlamlıq planı təqdim edilib. İlkin şəkər aşkarlanan pasiyentlərə qlükometr cihazları verilib. “Bu, onların gündəlik qlikemik nəzarət aparmasına və uzunmüddətli fəsadların qarşısının alınmasına kömək edəcək”, - deyə məlumatda bildirilib.