28 dekabr 2025 19:29
102

London və Berlin mobil artilleriya sistemlərinin birgə alınması üçün müqavilə imzalayıb

London və Berlin 70 milyon dollar məbləğində mobil artilleriya sistemlərinin birgə alınması üçün müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin bəyanatına əsasən, Britaniya "RCH 155" özüyeriyən artilleriya qurğusunun (ÖAQ) nümayiş versiyalarını alacaq, daha iki nümunə isə test üçün Almaniyaya veriləcək. Özüyeriyən artilleriya qurğusunun istehsalı ilə fransız-alman şirkəti KNDS və Almaniyanın "Rheinmetall" konserni məşğuldur. Bir dəqiqədə səkkiz atəş aça bilən "RCH 155" hərəkətdə olarkən də atəş açmağa qadirdir. Özüyeriyən artilleriya yanacaq doldurmadan 700 km məsafə qət edə bilər. Qurğu iki nəfər tərəfindən idarə olunur.

Artilleriya qurğusunda alman "PzH 2000" özüyeriyən artilleriya qurğusunun top və digər elementlərini özündə cəmləşdirən AGM artilleriya modulu istifadə edilib. Ekipaj 360 dərəcə ərazini müşahidə edə, eyni zamanda atəş aça və yeni hədəfləri seçə bilər. Plana əsasən, ÖAQ hərəkət edən və dəniz hədəflərini vurma, müxtəlif tempdə atəş açma, GPS və maskalanma vasitələrindən istifadə etmə imkanına malik olmalıdır.