27 dekabr 2025 09:14
79

Hatay hava limanı 2026-cı ildə tam bərpa olunacaq

2023-cü ilin fevralında baş vermiş zəlzələlər nəticəsində Türkiyənin Hatay vilayətinin ciddi ziyan görmüş hava limanının bərpası üzrə işlər gələn il başa çatdırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu hava limanı ərazisində aparılan işlərlə tanış olarkən məlumat verib. Nəqliyyat naziri xatırladıb ki, güclü yeraltı təkanlar nəticəsində hava limanının ərazisində torpaq bəzi yerlərdə 1,5 metrədək çökmüş, bu da uçuşların dayandırılmasına və uçuş-enmə zolağı da daxil olmaqla genişmiqyaslı təmir işlərinə başlanılmasına səbəb olmuşdu.

A.Uraloğlu bildirib ki, hava limanının bərpası 2023-cü ilin noyabr ayından davam edir. “Hataya uçuşların bərpasına, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinə və Almaniyaya beynəlxalq reyslərin həyata keçirilməsinə nail olmuşuq”, – deyə nazir vurğulayıb və əlavə edib ki, hava limanının tammiqyaslı istismarı 2026-cı ildə mümkün olacaq.