Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Ahmet Yıldız Sudanda hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi zorakılıqları qətiyyətlə pisləyib və bölgəyə təcili humanitar yardım çağırışı edib.
“İki sahil” bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Sudana həsr olunmuş iclasında iştirak edən A.Yıldız həmin ölkədəki son hadisələri qiymətləndirib. "Çevik Dəstək Qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən vəhşilikləri qətiyyətlə qınayırıq və ziyana məruz qalmış ərazilərə təcili giriş tələb edirik", - Yıldız deyib. O, Sudanı dünyanın ən böyük köçkün böhranı ilə üzləşən kimi xarakterizə edib. Yıldız Türkiyənin Faşer və Kordofan bölgələrində baş verən son hadisələrdən dərindən kədərləndiyini bildirib.
A.Yıldız həmçinin 13 dekabrda Cənubi Kordofanın Kadugli şəhərində BMT-nin təhlükəsizlik qüvvələrinin logistika bazasına edilən, 6 sülhməramlı əsgərin ölümünə və 8 hərbi qulluqçunun yaralanması ilə nəticələnən hücumu da pisləyib.