04 oktyabr 2026 00:11
107

İrakli Kobaxidze: Orta Dəhlizdə yük dövriyyəsi o qədər artıb ki...

Orta Dəhliz üzrə yük dövriyyəsi 2020-ci ildən bəri yeddi dəfə artıb ki, bu da yeni infrastruktur tələb edir.

“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Open Air” verilişində bildirib. Onun sözlərinə görə, Gürcüstan hökuməti bu istiqamətdə fəal işləyir. “Bunlar Anakliya limanının inkişafı, Poti limanının potensial genişləndirilməsi, aviasiya infrastrukturu, sürətli avtomobil yolları və dəmir yolunun modernləşdirilməsidir”, - deyə hökumət başçısı bildirib.

TRIPP marşrutunu rəqib hesab etmədiklərini vurğulayan Kobaxodze deyib: “Orta Dəhlizdə yük dövriyyəsi o qədər artıb ki, şaxələndirməyə ehtiyac var. TRIPP marşrutu və ya hər hansı digər marşrutun Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yaradacağını düşünmürük”.

O qeyd edib ki, plana əsasən 2031-ci ilədək bütün magistral və sürətli avtomobil yolları tikilməlidir. Dəmir yolunun modernləşdirilməsi isə həm qatarların sürətini, həm də yük dövriyyəsini artıracaq.