21 dekabr 2025 16:42
95

İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını bildirib

İsrail hökuməti İordan çayının qərb sahilində 11 yeni yaşayış məntəqəsinin yaradıldığını, həmçinin əvvəllər qeyri-qanuni sayılan səkkiz forpost və məskunlaşma məhəlləsinin rəsmən yaşayış məntəqəsi kimi tanındığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, qərar İsrail müdafiə naziri İsrael Kats və maliyyə naziri Betsalel Smotriçin təklif etdiyi qətnamə əsasında hazırlanaraq dekabrın 12-də Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənsə də, bu barədə rəsmi məlumat bu gün açıqlanıb.
Betsalel Smotriç bu addımın Fələstin dövlətinin yaradılmasının qarşısını almağa yönəldiyini deyib. Onun sözlərinə görə, hökumət bu qərarla ərazidə İsrail mövcudluğunu gücləndirməyi hədəfləyir.
Rəsmi status alan yaşayış məntəqələri Kida, Eş-Kodeş, Givat-Harel, Mişol, Koxav Haşaxar-Şimal, Nof-Gilad, Ganim, Kadim, Şalem, Har-Bezek, Reyhanit, Roş-ha-Ayin-Şərq, Tammum, Pney-Kedem, Yatsiv, Yaar-el-Keren, Allenbi, İtav-Qərb və Nahal Dorondur. Bu məntəqələrdən ikisi – Ganim və Kadim – 2005-ci ildə İsrailin Qəzza zolağından və Qərb Sahilinin şimalındakı bəzi ərazilərdən birtərəfli çıxışı çərçivəsində boşaldılmışdı.
Qeyd olunur ki, 2023-cü ilin martında İsrail hökuməti həmin yaşayış məntəqələrinin boşaldılmasına səbəb olan qanunvericilik müddəalarını ləğv edib və bu da onların yenidən yaradılmasına hüquqi zəmin yaradıb. Bu ilin may ayında isə Homesh və Sa-Nur yaşayış məntəqələri rəsmi şəkildə bərpa olunub.
Betsalel Smotriç deyib ki, İsrail bu siyasəti davam etdirərək İudeya və Samariya adlandırılan ərazilərdə tikinti və məskunlaşmanı genişləndirəcək.