20 dekabr 2025 18:47
116

Bəyanat: Avropa Parlamentinin qətnaməsi onun institusional etibarlılığına dair ciddi suallar yaradır

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Avropa Parlamentinin ölkəmizə dair qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb.

"İki sahil" azərtac-a istinadən xəbər verir ki, mərkəzin idarə heyətinin sədri Zaur Əliyev AZƏRTAC-a bildirib ki, bəyanatda qətnamənin beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil ediyi, Azərbaycanın suveren hüquqlarına və milli yurisdiksiyasına hörmətə əsaslanan əməkdaşlıq ruhuna xələl gətirdiyi, Avropa Parlamentinin institusional etibarlılığına ciddi suallar yaratdığı qeyd olunub.

Bəyanatda BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, hər bir dövlətin öz ərazisində ictimai asayişin, konstitusiya quruluşunun və milli təhlükəsizliyin qorunması məqsədilə qanunvericiliyini tətbiq etmək, cinayət təqibini aparmaq və məhkəmə ədalət mühakiməsini həyata keçirmək səlahiyyətinə malik olduğu vurğulanaraq, Avropa Parlamentinin konkret işlər üzrə “hüquqi nəticə” kimi təqdim etdiyi qənaətlərin faktiki olaraq, məhkəmə qərarlarını siyasi qərarlarla əvəzləmək cəhdi təsiri bağışladığı və qəbuledilməz olduğu bildirilib. Bu cür sənədlərin insan hüquqları mövzusunu hüquqi dialoq predmetindən çıxararaq siyasi təzyiq alətinə çevirməklə, həm insan hüquqları gündəliyinin obyektivliyinə zərbə vurduğu, həm də tərəflər arasında etimadın institusional əsaslarını sarsıtdığı qeyd edilib.

Eləcə də Azərbaycanın ifadə azadlığı və əsas hüquqlarla bağlı beynəlxalq öhdəliklərinə hörmətin tərəfdarı olduğu vurğulanıb, Avropa Parlamentinin Azərbaycanla bağlı yanaşmasında uzun illərdir selektivlik və ikili standartlar faktının müşahidə olunduğu qeyd edilib. Bu baxımdan, regionda beynəlxalq hüququn kobud şəkildə pozulduğu dövrlərdə, o cümlədən humanitar nəticələr, məcburi köçkünlərin hüquqları, mədəni irsə vurulmuş ziyan, bu gün də davam edən mina təhlükəsi kimi məsələlərdə ardıcıl və prinsipial mövqe ortaya qoymayan bir institutun Azərbaycanın daxili hüquqi prosesləri barədə qərəzli mühakimələr yürütməsinin ciddi etimad böhranı yaratdığı diqqətə çatdırılıb.

“Azərbaycan tərəfdaşlıq münasibətlərini yalnız suverenliyə hörmət, daxili işlərə qarışmama və ikili standartlardan imtina çərçivəsində məqbul hesab edir. Bu səbəbdən Avropa Parlamentini və Aİ-yə üzv dövlətləri Azərbaycanla bağlı ritorikanı və praktikanı beynəlxalq hüququn tələblərinə uyğunlaşdırmağa, faktlara əsaslanmayan siyasi etiketləmələrdən imtina etməyə və dialoqu təxribatçı qətnamələr üzərindən deyil, hüquqi çərçivələr və konstruktiv institusional kanallar vasitəsilə aparmağa çağırırıq”, - deyə bəyanatda xüsusi vurğulanıb.