05 oktyabr 2026 20:34
87

Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf mərhələsinə daxil olub

Azərbaycan-Almaniya münasibətləri son illərdə fəal siyasi dialoq və qarşılıqlı etimada əsaslanan dinamik inkişaf mərhələsinə qədəm qoyub.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Nərgiz Qurbanova Bakıda Alman Birliyi Günü münasibətilə keçirilən tədbirdə deyib. “Enerji sahəsində əməkdaşlığımız genişlənir. Bu ildən Azərbaycan Almaniyaya qaz ixracına başlayıb. Beləliklə, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu, Avropanın enerji təhlükəsizliyinə verilən böyük töhfədir”, - deyə o bildirib.

N.Qurbanovanın sözlərinə görə, son illərdə Azərbaycan və Almaniya arasında münasibətlər fəal siyasi dialoq və qarşılıqlı etimad əsasında dinamik inkişaf mərhələsinə daxil olub. “Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dövlətlərarası əlaqələrin və əməkdaşlığın hərtərəfli inkişafına xüsusi önəm verir”, - deyə o bildirib. N.Qurbanova qeyd edib ki, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması yeni investisiya və biznes imkanlarının müəyyənləşdirilməsi, eləcə də birgə layihələrin təşviqi baxımından mühüm platformaya çevrilə bilər: “Cari ilin sentyabr ayında Bakıda keçirilmiş 2-ci İnvestisiya Forumunda imzalanmış və mübadilə edilmiş ikitərəfli sənədlər bu əməkdaşlığın inkişafı istiqamətində atılmış mühüm addımlardandır".