20 dekabr 2025 08:11
457

"Bolonya" tarixində ilk dəfə İtaliya Superkubokunun finalına yüksəlib

"Bolonya" futbol üzrə İtaliya Superkubokunun yarımfinalında penaltilər seriyasında "İnter"i məğlub edib.

“İki sahil” xəbər verir ki,  turnir Səudiyyə Ərəbistanında keçirilir. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə "Bolonya" daha dəqiq olub – 3:2. Əsas vaxtda "İnter"in heyətində Markus Tyuram (2-ci dəqiqə) fərqlənib. "Bolonya"nın qolunu isə Rikardo Orsolini (35-ci dəqiqə, penalti) vurub.

"İnter" İtaliyanın vitse-çempionu, "Bolonya" isə ölkə kubokunun sahibidir. Birinci yarımfinalda İtaliyanın hazırkı çempionu "Napoli" kubokun finalçısı "Milan"ı 2:0 hesabı ilə məğlub edib. Final oyunu 22 dekabrda keçiriləcək.

Ötən il İtaliya Superkubokunun sahibi "Milan" olub, o, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edib. Ən çox titul qazanan klub isə "Yuventus"dur – Turin təmsilçisi bu kuboku 9 dəfə qazanıb. "Bolonya" isə tarixində ilk dəfə İtaliya Superkubokunun finalına yüksəlib.