Arif Əsədov: Bu tədbir həm də Azərbaycan reallıqlarını dünyaya çatdırmaq baxımından əhəmiyyətli olacaq
Xəbər verildiyi kimi, 2027-ci ildə Azərbaycan və Özbəkistan 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatına birgə ev sahibliyi edəcəklər. Dekabrın 15-də Prezident İlham Əliyev “20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Şübhəsiz, bu, dövlətimizin tədbirlərə yalnız idman yarışı deyil, strateji beynəlxalq layihə kimi yanaşdığını göstərir.
Azərbaycan futbolunun tanınmış simalarından biri, sovet dönəmində 17 yaşlılar arasında dünya, 19 yaşlılar arasında Avropa çempionu tituluna yiyələnən, hazırda UEFA-nın Məşqçi kurslarında təlimatçısı kimi çalışan Arif Əsədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, sevindirici haldır ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) belə çempionatın keçirilməsini həm Azərbaycana, həm də Özbəkistana etibar edib: “Azərbaycan və Özbəkistan futbol federasiyaları bu turnirin keçirilməsi üçün birgə namizədliklərini irəli sürmüşdülər. FIFA Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilib. Şübhəsiz, bu, hər şeydən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin futbola və idmana verdikləri önəmdən irəli gəlib. Əminəm ki, hər iki ölkə sıx əməkdaşlıq fonunda dünya çempionatını yüksək səviyyədə keçirmək üçün hər şey edəcək. Bir məsələni də qeyd edim ki, Özbəkistan Prezidenti də dekabrın 15-də bu yarışla bağlı sənəd imzalayıb. Yeri gəlmişkən, dövlətimizin başçısı bu ilin noyabr ayında Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində dünya çempionatının Özbəkistan və Azərbaycanda təşkilini ortaq tarixi nailiyyət kimi dəyərləndirib: “Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir".
Söhbətinin bu yerində 1989-cu ildə özbəkistanlı həmkarı Mircəlal Kasımovla birlikdə SSRİ-nin gənclərdən ibarət yığmasının heyətində Səudiyyə Ərəbistanında keçirilən U-20 Dunya cempionatından söz açan müsahibimiz belə çempionatları böyük futbolun tramplini kimi dəyərləndirdi: “Hətta bir vaxtlar Maradonanın özü də belə turnirdə iştirak edib. Onu da qeyd edim ki, futbol tarixində ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli futbol komandası da dünya çempionatının final mərhələsində iştirak edəcək. Şübhəsiz, bu da yerli futbolun inkişafına, gənc istedadların aşkara çıxarılmasına və gənclər arasında əməkdaşlığın dərinləşməsinə böyük təkan verəcək”.
Müsahibimiz daha sonra dedi: “Ölkəmiz indiyədək futbolla bağlı bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Bu sırada AVRO-2020-nin bəzi oyunlarını, UEFA Avropa Liqasının final matçını, 17 yaşlılar arasında Avropa çempionatını, 17 yaşadək qızlar arasında dünya çempionatını, həmçinin minifutbol üzrə dünya çempionatını misal göstərmək olar. FIFA və UEFA rəsmiləri Bakıda keçirilən bu mötəbər turnirləri yüksək qiymətləndiriblər. Şübhəsiz, Azərbaycanın növbəti mötəbər idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun göstəricisidir. Onu da qeyd edim ki, bu gün ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Şübhəsiz, bu, ilk növbədə, Prezident İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir”.
Həmsöhbətimiz, həmçinin bildirdi ki, bu yarış yalnız bir idman yarışı olmayacaq: “Bu tədbir həm də Azərbaycan reallıqlarını dünyaya çatdırmaq baxımından əhəmiyyətli olacaq. Şübhəsiz, bu tədbirə gələnlər Azərbaycan reallıqları, həmçinin ölkəmizin turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında da geniş məlumat əldə edə biləcəklər. Digər tərəfdən, Prezidentin Sərəncamında deyildiyi kimi, Azərbaycanın 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcəkdir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”