18 noyabr 2025 09:40
85

BMT: Süni intellektin inkişafı həddindən artıq muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər

Süni intellektin nəzarətsiz inkişafı və istifadəsi qəbuledilməz dərəcədə muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər.

“İki sahil”in TASS-a istinadla verdiyi məlumata görə, bunu BMT Baş katibinin müavini, rəqəmsal texnologiyalar üzrə xüsusi elçi Amandip Gill bəyan edib.

"O, həqiqətən, güclü texnologiyadır və mövcud silah sistemlərinin inkişafını sürətləndirə bilər. Gələcəkdə hazırkı avtomatlaşdırılmış olanlardan daha yüksək muxtariyyətə malik sistemləri görə bilərik. Bu sistemlərin bəzilərində muxtariyyətin artmasına açıq tendensiya mövcuddur", – deyə BMT rəsmisi bildirib. O, Əbu-Dabidə keçirilən ADIPEC enerji konfransında iştirak edib.

BMT Baş katibinin müavininin sözlərinə görə, hökumətlər silahlar üzərində insan nəzarətini qoruyub saxlamalı, hədəf seçimi barədə qərar qəbul edən hərbi personalın məsuliyyətini və hesabatlılığını təmin etməlidir.

"Biz əmin olmalıyıq ki, bu texnologiya onsuz da gərgin olan beynəlxalq vəziyyətdə əlavə qeyri-sabitləşdirici amilə çevrilməsin və böyük dövlətlər arasında münasibətləri daha da çətinləşdirməsin", – deyə o əlavə edib.

Gill BMT Baş katibi Antoniu Quterreşin 2026-cı ilə qədər hədəflərin məhv edilməsi barədə muxtar qərar qəbul edə bilən silahların tam qadağan olunması çağırışını xatırladıb. Xüsusi elçinin sözlərinə görə, bu istiqamətdə danışıqlar hazırda hərbi sahədə məsuliyyətli süni intellekt üzrə Qlobal Komissiya çərçivəsində, həmçinin döyüşçülərə əsassız əzab verən və ya mülki əhaliyə fərqsiz təsir göstərən silahların istifadəsini qadağan edən Silahlar Konvensiyası çərçivəsində aparılır.