17 noyabr 2025 00:03
90

Ayxan Abbasov: Nəticə istəyiriksə, səbr etməliyik

Futbol üzrə Fransa millisinə qol vurmaq da çətindir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib.

Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Fransa yığmasına uduzduqları (1:3) matçla bağlı fikirlərini bölüşüb:

"Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Uzun zamandır milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək oyunçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq. İslandiya ilə matçda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox arzulayırdıq. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha çox üzərimizə gəldi. Meydanda mübarizə gedirdi. Şahruddin Məhəmmədəliyevin zədəsi də təsir etdi. Üçüncü qol zamanı istəyirdi sona qədər dayansın. Üçüncü qolda kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Tsikl bitdi. İrəliyə baxacağıq".