Tarixi reallıqlar, milli birliyin və həmrəyliyin əsas prinsipləri
Azərbaycanım-qədim odlar diyarım, əzəli yurdum, çoxəsrlik tarixi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və özünəməxsus adət-ənənələri ilə mühüm strateji əhəmiyyətli coğrafiyada yerləşən qüdrətli dövlətim. O dövlət ki, milli sərvətlərinə və coğrafiyasına görə min illər ərzində torpaqları yadellilər tərəfindən işğala, əhalisi isə amansız soyqırımı aktlarına məruz qalmışdır. Zaman-zaman ərəblər, monqollar, farslar, çar Rusiyası, ermənilər və digərləri tərəfindən əzəli yurdumuzda törədilmiş işğal və soyqırımı aktlarından, xüsusilə 1813-cü ilin “Gülüstan” və 1828-ci ilin “Türkmənçay” müqavilələrinin mətni əsasında Azərbaycan torpaqlarının iki hissəyə bölünməsi nəticəsində sərhədlərimizin kobudcasına pozulmasından və C.Qafqaza ermənilərin qanunsuz köçürülməsi nəticəsində müxtəlif bölgələrimizdəki demoqrafik göstəricilərin dəyişməsindən asılı olmayaraq, bu işğalçı qüvvələr və məkirli planlar heç vaxt qəhrəman Azərbaycan xalqının iradəsini, mübarizə əzmini və milli birliyini qıra bilməmişdir. Vaxtilə Araz çayını da iki hissəyə ayırdılar, ancaq bizim milli ruhumuzu cismimizdən ayıra bilmədilər. Belə bir məşhur deyim var: “Tarixini bilməyənin coğrafiyasını dəyişərlər”. Əlbəttə ki, Azərbaycana məxsus əzəli torpaqların-Dərbəndin, Borçalının, İrəvanın, Zəngəzur mahalının, eləcə də XX yüzilliyin sonlarında Qarabağ və ətraf ərazilərin itirilməsi məhz həmin dövrlər üçün ölkəmizdə mövcud olan ictimai və siyasi problemlər, milli birliyin və milli özünüdərikin natamamlığı, həmçinin xalq-dövlət həmrəyliyin layiqincə təmin edilə bilməməsi səbəbindən baş vermişdir. Prinsipcə əgər xalq öz milli kimliyini dərk edərək, həmrəy şəkildə milli maraqlara əsaslanan vahid bir amal uğrunda birləşmirsə ictimai-siyasi sabitlik, dayanıqlı inkişaf və müstəqil dövlət anlayışları reallıqdan çox-çox uzaqlarda qalacaqdır.
Təbii ki, hər təqvim ilini 4 fəsilsiz, parlaq bir gecəni ay və ulduzlarsız, möhtəşəm tarixi hadisəni zaman və məkansız təsəvvür edə bilmədiyimiz kimi böyük siyasət nəhəngi, xalqımızın xilaskarı, amalı dövlətimiz və xalqımız naminə olan dahi Heydər Əliyevi Azərbaycansız, Azərbaycanı isə Heydər Əliyevsiz təsəvvür etmək mümkünsüzdür! Ona görə ki, Heydər Əliyev elə Azərbaycanın özüdür. Qədirbilən xalqımızın əbədi sevgisini qazanmış Ulu Öndər Heydər Əliyev nadir tarixi şəxsiyyət olduğunu həm şərəfli ömür yolu ilə, həm də zəngin və çoxşaxəli fəaliyyəti ilə sübuta yetirmişdir. Hələ sovet dönəmində-Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi(1969-1982) və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini(1982-1987) kimi ölkəmizə rəhbərlik etdiyi dövrlərdə dahi Heydər Əliyevin 4 əsas amili zəruri hesab edərək, vəhdət halına gətirməsi nəticəsində müstəqil və müasir dövlətimizin, milli birliyimizin və həmrəyliyimizin ilk rüşeymləri, fundamental prinsipləri yaranmışdır.
Milli birlikdən müstəqil dövlətə
Milli birlik və milli-mənəvi dəyərlər: Müstəqil dövlət hər zaman nəyin bahasına olursa-olsun milli birliyi və həmrəyliyi prioritet hesab etməli, milli-mənəvi dəyərləri qorumalı, onu zənginləşdirməlidir. Əks təqdirdə dövlət heç bir xarici təzyiq olmadan içdən-içə parçalanmaq və məhv olmaq təhlükəsi qarşısında qala bilər. 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR-nin konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi, Hüseyn Cavid kimi görkəmli ədibimizin nəşinin xüsusi ekspedisiya axtarışı nəticəsində Sibirdən Azərbaycana gətirilməsi, Bəxtiyar Vəhabzadənin, Xəlil Rza Ulutürkün və digərlərinin həbsdən azad edilməsi, Şuşada Molla Pənah Vaqifin xatirəsinə məqbərənin ucaldılması,mədəniyyətin qatı düşməni olan erməni təcavüzkarları tərəfindən şəxsiyyətlərimizin-Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün güllələnən büstələrinin xüsusi himayə altında Qarabağdan Bakıya İncəsənət Muzeyinə aparılması, elm adamlarına fəxri adların verilməsi, minlərlə gəncin təhsil ala bilməsi üçün SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi və xüsusilə milli birliyimizin yaradılmasının başlanığıc nöqtəsi olan “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” tarixi bayramının təsis edilməsi Heydər Əliyevin milli həmrəyliyimiz və birliyimiz naminə verdiyi ən böyük töhfələrdir.
Fəaliyyətinin ilk dövründən ölkəmizdə azərbaycançılıq məfkurəsinin, milli birliyin və həmrəyliyin əsasını qoyan dahi Heydər Əliyev Azərbaycana prezidentlik etdiyi dövrdə (qızıl onluq:1993-2003) xalqın ümummilli liderinə çevrildi. Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü əsasında 1994-cü ilin mayında Ermənistanın təcavüzkar siyasətini dayandıran Atəşkəs müqaviləsinin imzalanması, beynəlxalq iqtisadi layihələrin uğurla reallaşdırılması, ölkəmizdə və sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın ideoloji-siyasi müstəvidə silahlandırılması və ümummilli mənafelər naminə səfərbər edilməsi, dostluq və humanizm prinsiplərinə əsaslanan konstruktiv mövqenin sərgilənməsi doğrudan da son 250-300 il üçün Azərbaycan xarici siyasətində atılmış ən düzgün və ən uğurlu addım idi.
Müasir Azərbaycan: Milli həmrəylimizin təntənəsi olan parlaq Zəfər
Bəli, müasir dövrümüzdə-III minillikdə xalqımız dahi Heydər Əliyev ideyalarının işığı altında Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, yeni əsrin yeni lideri cənab İlham Əliyevin (2003) ətrafında “Dəmir yumruq” kimi birləşərək, milli birliyimizin sarsılmaz olduğunu sübuta yetirdi. O “Dəmir yumruq” ki, müqəddəs “Ata vəsiyyəti”nin uğurlu icrasını təmin etdi. O “Dəmir yumruq” ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi iradəsi, mükəmməl diplomatiyası, peşəkar rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti hesabına 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində və bu parlaq Zəfərimizi uğurla tamamlayan 2023-cü ilin Antiterror əməliyyatlarında dünya azərbaycanlılarının milli həmrəylik və məğlubedilməzlik təntənəsinin ifadəsi oldu və nəticədə Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə həkk olunan bu möhtəşəm Qələbə ilə hayların 30 illik işğalına və onların Balkan yarmadası üzərindən gətirərək, 3 min ildir uydurduqları “böyük ermənistan” mifologiyasına son qoydu!
Amerikalı siyasi aktivist Rosalynn Carter demişdir ki, "Lider insanları getmək istədikləri yerə aparır. Görkəmli lider – mütləq getmək istəmədikləri, lakin mütləq olmaq istədikləri yerlərə aparır." Tam məsuliyyətlə qeyd edə bilərəm ki, 30 il boyunca qəlbi yurd həsrəti ilə alışan, Vətən sevgisi ilə döyünən, körpəsindən ayrı düşən anaların, qardaşına həsrət qalan bacıların, illərlə köhnə qatar vaqonlarında yaşamış qaçqın və məcburi köçkünlərin, öz əcdadlarının qəbrini ziyarət edə bilməyib, intizar dolu göz yaşları ilə yas saxlayan soydaşlarımızın getmək və mütləq şəkildə olmaq istədikləri sadəcə bir yer var idi:- Ulu əcdadlarımızın əzəli, əbədi yurdu, səmasında milli ruhumuzun dolaşdığı doğma Qarabağ.!
Prezident İlham Əliyevin bütün fəaliyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına yönəlmişdi. Əlbəttə, ilk öncə mənəviyyatımızın, milli birlik və həmrəyliyimizin tam şəkildə bərpa olunması lazım idi. Düşmənlə üzü-üzə döyüşlərdə yaralanan silahdaşını güllə yağışı altından cəsarətlə çıxardan hərbçinin cəsarətini, sinəsini gülləyə sipər edib, düşməni məhv edərək qədim Şuşanın əzəmətli dağlarına dırmaşan oğulların ürəyindəki vətən sevgisini, evində bişirdiyi bir parça çörəyi həmin gün yeməyib cəbhəyə yola düşən maşınlara atan ağbirçək anaların sevincini və gecə-gündüz yatmadan həm döyüş əməliyyatlarına rəhbəlik edən, həm də informasiya cəbhəsində təcavüzkar Ermənistanın riyakar havadarlarını susduran mahir strateq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevi gördükcə bir daha əmin olduq ki, Prezident İlham Əliyev ötən illər ərzində bizim milli ruhumuzu tam bərpa etməklə yanaşı, xüsusilə gənclərimizin vətənpərvərlik ruhunda yetişməsini və bütöv Azərbaycan naminə olan milli həmrəyliyimizi layiqincə təmin etmişdir. 2019-cu ildə “Valday” platformasında Ermənistan baş naziri N.Paşinyanın Qarabağ Azərbaycandır və nöqtə illuziyasının cavabında Milli Liderimiz İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” deməsi əslində elə 50 milyonluq soydaşımızın milli birliyinin və milli mövqeyinin ifadəsi idi. 2024-cü ildə Azərbaycan xalqı milli həmrəyliyimizi və birliyimizi təcəssüm etdirən 3 böyük tarixi hadisəni eyni anda qeyd edib, üçqat sevinc hissi yaşadı. “31 Dekabr-Dünya Azərbayanlılarının Həmrəyliyi Günü”nü suveren dövlətimizin simasında qeyd edən 50 milyonluq soydaşımız, 2024-cü ilin fevralında keçirilən Zəfər(Prezident) seçkilərində “Tək Lider” şüarı ilə cənab İlham Əliyevi dəstəkləyən sayı 10 milyondan çox olan xalqımızın səsvermə hüququ olan nümayəndələri və “Yaşıl Dünya naminə Həmrəylik İli”ndə dünyanı həmrəyliyə səsləyən Prezidentimizin uğurlu tarixi missiyası bizə böyük qürur hissi yaşatdı və ən əsası azərbaycanlıların milli birliyinin və həmrəyliyinin sarsılmaz olduğunu bütün dünyaya növbəti dəfə nümayiş etdirdi.! Bu gün hər birimiz qürur hissi keçiririk ki, bizlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezident,doğma Partiyamızın Sədri cənab İlham Əliyevin Zəfər Zirvəsində qərarlaşdırdığı müstəqil və suveren Azərbaycanın vətəndaşı kimi dillərə dastan olan möhtəşəm tarixi hadisələrə şahidlik edirik.!
Tural İsmayılov,
YAP Yevlax rayon təşkilatının sədr müavini