14 noyabr 2025 21:04
114

Türkoloji Qurultayın tarixi missiyası, milli kimliyin dirçəldilməsi - SADİQ QURBANOV YAZIR

Milli kimlik anlayışı xalqın tarixi inkişaf prosesində formalaşan və onun mənəvi-mədəni dəyərlərini, dilini, dünyagörüşünü özündə ehtiva edən mürəkkəb ictimai fenomen kimi çıxış edir. Milli kimliyin mahiyyətini müəyyən edən başlıca amillərdən biri dil, digəri isə tarixi yaddaş və özünüdərk prosesidir. Bu mənada milli kimlik təkcə mənsubiyyət hissi deyil, həm də xalqın öz taleyini dərk etmə, mənəvi sərhədlərini və birgə varlıq idealını müəyyənləşdirmə formasıdır.

XX əsrin əvvəllərində baş verən ictimai-siyasi dəyişikliklər türk xalqları arasında milli özünüdərkin intensivləşməsinə səbəb oldu. Məhz bu dövrdə ortaq dil, mədəni birlik və tarixi yaddaşın qorunması ideyası intellektual düşüncənin əsas istiqamətlərindən birinə çevrildi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay bu baxımdan təkcə elmi hadisə deyil, həm də türk xalqlarının milli özünüdərk konsepsiyasının təməl mərhələlərindən biri kimi tarixə düşdü. Qurultayda səslənən ideyalar türk xalqlarının dil birliyinin, mədəni inteqrasiyasının və mənəvi həmrəyliyinin bərpasına yönəldi.

Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin milli kimlik, dil və türk dünyasının birliyi barədə baxışları qurultayda əsaslandırılmış ideyaların müasir dövrdə davamı kimi dəyərləndirilə bilər. Ulu Öndərin "Millətin milliliyini saxlayan onun dilidir" fikri milli kimliyin qorunmasının mahiyyətini ifadə etməklə yanaşı, dilin xalqın tarixi yaddaşında və ictimai şüurunda daşıdığı fundamental rolu elmi səviyyədə ümumiləşdirir. Heydər Əliyev üçün dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli varlığın, siyasi müstəqilliyin və mədəni bütövlüyün daşıyıcısı idi.

Bu ideoloji xəttin müasir mərhələdə davamı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam, təkcə tarixi hadisənin qeyd olunması deyil, həm də türk xalqlarının ortaq köklərinə, mənəvi birliyinə və milli yaddaşına verilən dərin dəyərin göstəricisidir.

Hər bir yubiley, kimə və ya hansı hadisəyə həsr olunmasından asılı olmayaraq, mahiyyət etibarilə yaddaşın təzələnməsi, oyanması ilə əlamətdardır. Lakin elə yubileylər var ki, xalqın, millətin və ümumən mənsub olduğu etnosun tarixi taleyi ilə fövqəladə dərəcədə bağlı olur. Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin sərəncamı da məhz bu qəbildəndir. O, milli yaddaşın unudulmaz, qapanmaz və əbədi yaşayacaq səhifəsini bir əsrdən sonra yenidən açdı. Açdı ki, millətin övladları bu tarixi öyrənsin, yadda saxlasın və Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının gələcək yolunun hansı hədəfə doğru yönəldiyini heç vaxt unutmasın.

Müasir dünya siyasi səhnəsində Azərbaycanı uğurla təmsil edən, dünyanın aparıcı siyasi fiqurları tərəfindən önəmli siyasətçi kimi qəbul edilən, Azərbaycan və digər türk dövlətləri və xalqlarının milli, siyasi, iqtisadi, mədəni ehtiyatlarını türk xalqlarının inteqrasiyasına uğurla yönəldən İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev kimi, mənsub olduğu xalqın, millətin və etnosun gələcək taleyinin məhz hansı hədəflərlə bağlı olduğunu və onlara doğru gedən yolun tarixin hansı yaddaş səhifələrindən keçdiyini çox gözəl bilir. Bu mənada, cənab Prezidentin I Türkoloji Qurultayın tarixi mənası, milli mahiyyəti və perspektivi haqqındakı strateji düşüncələri onun verdiyi sərəncamda öz əksini dolğun şəkildə tapmışdır.

Sərəncamda deyilir ki, "I Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır".

Qurultay haqqında ilk baxışdan hamımızın bildiyi məsələlər təsirini bağışlayan bu abzasda öz əksini tapmış konseptlər, əslində, milli tariximizin hansı nöqtədə necə sarsıdıldığını, türk tarixinin inkişaf dialektikasının hansı məqamlarda ağır zərbələr altında qırıldığını, bu taleyin hansı antimilli istiqamətlərə yönəldildiyini və ən başlıcası, türk xalqlarının birlik yolunun hansı köklərdən başlayaraq inkişaf etdirməyin lazım olduğunu göstərir.

Sözügedən abzasın mənası, mahiyyəti və ideoloji substratı aşağıdakı konseptlər üzərində qurulmuşdur:

- türk xalqlarının ortaq keçmişə və zəngin irsə malik olması;

- onların mədəni inteqrasiyasının vacibliyi;

- türkologiyanın bir elmi düşüncə sistemi olmaqdan daha ziyadə milli və siyasi əhəmiyyətə malik olması;

- türk dünyasının dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətlərinin öyrənilməsinin prioritet istiqamətlərə çevrilməsi;

- latın qrafikası əsasında vahid ümumtürk əlifbasının türk xalqlarının etnik-milli kommunikasiya modeli kimi əhəmiyyəti.

Sərəncamda Bakı şəhərinin türk dünyasının etnik-mədəni "episentri" kimi rolu xüsusi vurğulanır: 

"Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün I Türkoloji Qurultaya evsahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi".

Bütün mənəviyyatı və əqidəsi ilə türk dünyasına bağlı olan İlham Əliyevin sərəncamında Bakı şəhərinin I Qurultayın keçirildiyi məkan kimi diqqət mərkəzinə gətirilməsi təkcə real tarixin xatırlanması olmayıb, gələcəyə yönəlik alt mənalar da daşımaqdadır. Sərəncamdan aydın olduğu kimi, Bakı şəhəri XX əsrin əvvəllərində, sözün həqiqi mənasında, türk-müsəlman dünyasının intellektual mərkəzi rolunu oynayırdı. Bu, təsadüfi olmayıb, Azərbaycanın hələ sovet hökuməti qurulana qədərki tarixi ilə sıx bağlı idi. Dünyanın ən zəngin neft yataqlarının olduğu Bakı sənaye şəhərinə çevrilmiş, buraya ən müxtəlif yerlərdən savadlı mühəndislər, öz sahəsinin biliciləri olan mütəxəssislər, istedadlı sənət adamları, o cümlədən elm adamları gəlmişdilər. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində universitetin qurulması milli intellektual potensiyanın inkişafında böyük rol oynamışdı. Bütün bunlar I Türkoloji Qurultayın keçirildiyi 1926-cı ilə qədər Bakını artıq, qeyri-rəsm də olsa, türk dünyasının mərkəzinə çevirmişdi. 

Sərəncamda türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanması məhz həmin intellektual potensiyanın (XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların) əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin reallaşması kimi qiymətləndirilir.

Bütün bunlar Sərəncamın rəsmi üslubu və ritorikasının alt qatlarına, dərinliklərinə diqqət yetirməyə vadar edir. Dünən Bakının XX əsrin əvvəllərində türk dünyasının intellektual mərkəzinə çevrilməsinin bu gün vurğulanmasının türk dünyasının gələcək inkişafı baxımından dərin strateji və taktiki mənaları vardır. Bakı bu gün, sözün həqiqi mənasında, türk dünyasının hər mənada mərkəzinə çevrilməkdə, türk xalqlarının taleyi ilə bağlı ən mühüm qərarların qəbul olunduğu, ümummilli strategiya və taktikaların qurulduğu paytaxt rolunu oynamaqdadır. Bu cəhətdən, sərəncamda Bakının nümunəsində, əslində, Azərbaycanının türk və müsəlman dünyasında oynadığı tarixi rola diqqət yetirilmişdir.

Azərbaycan coğrafi baxımdan bütün türk dünyası üçün mühüm körpü rolunu oynamışdır. İstər Şimal və Cənub, istərsə də Şərq və Qərb türk axınları tarixən hər zaman Azərbaycanla bağlı olmuş və bu mənada, türk dünyasının tarixi taleyinin ən mühüm hadisələri Azərbaycanla əlaqələnmişdir. Avrasiyada siyasi, milli, hərbi və digər səbəblərdən baş verən tarixi miqrasiyaların ən mühüm körpülərindən biri məhz Azərbaycan idi. Bütün bu tarixi reallıqların ən böyük sübutu Azərbaycan dilidir. Ana dilimiz türk dilləri arasında yeganə dildir ki, türk dillərinin əsas qollarının ümumi xüsusiyyətlərini həm leksik, həm də sintaktik baxımdan özündə əks etdirir. Çünki Azərbaycan özü şərqi və qərbi türk bölgələri arasında körpü rolunu oynadığı kimi, Azərbaycan dili də ortaq dil kimi eyni rolu oynamışdır. Bu mənada, sərəncamda Bakının intellektual mərkəz kimi rolunun vurğulanması tarixi-mədəni reallıqları özündə əks etdirir. 

Cənab İlham Əliyevin imzaladığı Sərəncamın daha bir mühüm əhəmiyyəti türk dünyasının inkişafına hər zaman mane olmuş,  türk xalqlarının siyasi, milli, mədəni baxımdan tərəqqisini əhəmiyyətli dərəcədə ləngitmiş hədəfin müasir geosiyasi reallıqlar fonunda dəqiq şəkildə göstərilməsidir:

"I Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır".

Doğrudan da, son dərəcə acı və faciəvi bir həqiqətdir ki, 1926-cı il I Türkoloji Qurultay nümayəndələrinin böyük əksəriyyəti amansız və qanlı şəkildə 1930-cu illər repressiyasına məruz qaldı. Əlbəttə, bu gün bunu XX əsrin 30-cu illərinin amansız stalinizm rejimi ilə əlaqələndirmək asandır və zahiri planda bu, əslində, doğrudan da belədir. Ötən əsrin 30-cu illərindən başlamış 50-ci illərin sonlarına qədər neçə milyon sovet insanı amansız cəza maşınından keçərək həyatını, sağlamlığını, karyerasını itirdi. Bu cəhətdən, I Türkoloji Qurultay nümayəndələrinin qətli, həbsi, yaxud bu və ya digər şəkildə cəzalandırılması, ümumən, 30-cu illər repressiyalarının tərkib hissəsi idi. Ancaq bu hadisəni yalnız həmin illərin günahı kimi izah etmək onun əsl mahiyyətini təhrif etmək deməkdir. Çünki burada məsələnin əsl mahiyyəti təkcə türkologiya elmi ilə bu və ya digər şəkildə bağlı olan insanların antisovet, xalq düşməni adları altında məhv edilməsi ilə yox, rus-sovet ideoloqlarının türk milli kimliyinin elmi-intellektual səviyyəsi olan türkologiya elminin məhvi ilə bağlı idi. Məqsəd bu elmi məhv etmək, yerində özləri tərəfindən konstruksiyalaşdırılmış yeni türkologiya - "sovet türkologiyası" yaratmaq idi. Bu cəhətdən, I Türkoloji Qurultay nümayəndələrinin məhvi, sözün həqiqi mənasında, türkologiyanın genosidi idi.

Bu cəhətdən, sual meydana çıxır: Əgər mövcud türkologiya elminin nəhənglərini, əsasən, qeyri-türklər təşkil edirdilərsə və onların da əksəriyyəti çar dövrünün imperiya təfəkkürünə malik olan alimlər idilərsə, bu halda onları belə amansız repressiyalara məruz qoymaqda məqsəd nə idi?

Məsələ bunda idi ki, çar dövrünün alimləri dünya elmi ənənələri əsasında yetişmiş, müstəqil təfəkkürə malik mütəxəssislər idi. Kapitalist dünyasını bütün səviyyələr, o cümlədən elm səviyyəsində inkar edən sovet ideologiyası "köhnə dövrün" alimlərinə bütün hallarda şübhə ilə yanaşır və onlara etibar etmirdi. I Türkoloji Qurultay, əslində, sovet ideoloqlarının "keçmişi", yəni kapitalizmi təmsil edən türkoloqlara etibarsız yanaşmasını təsdiq etdi. I Türkoloji Qurultaya gələn nümayəndələr sovet hökumətinin türk xalqlarının guya gələcək inkişafı haqqındakı ideyalarını səmimi qəbul edərək,  türklüyün və türkologiyanın gələcəyi haqqında böyük ideyalar irəli sürdülər. Əgər həmin ideyalar gerçəkləşərdisə, sayca çox nəhəng kütləni əhatə edən türk xalqları sovet dövlət quruculuğunun hər bir sahəsində aparıcı çəkiyə malik hakim xalqlarına çevrilə bilərdilər. "Formaca milli, məzmunca sosialist" kimi son dərəcə hiyləgər şüarla milli quruculuq siyasəti aparan rus-sovet dövlətinin, əslində, türk xalqlarının dialektik inkişafı haqqında heç bir istəyi yox idi. Onların əsl niyyəti türk xalqlarının inkişafını formal modellər əsasında təmin etmək, əslində isə onların bütün milli, mədəni, iqtisadi siyasi potensiyalarını çarizm dövründə olduğu kimi sümürmək, maskalanmış şəkildə istismar etmək idi. Təsadüfi deyildir ki, I Türkoloji Qurultayın bütün sənədləri stalinizm repressiyalarını həyata keçirən müstəntiqlərin əlində "xoş gələcəyin" inkişaf proqramlarından ittiham aktlarına çevrildi. Hər kəs qurultayda danışdığı sözlərə, etdiyi çıxışlara görə amansız şəkildə cəzalandırıldı. Bu, türkologiyanın qətli, repressiyası, soyqırımı idi.

Təkcə türkologiyada deyil, bütün sahələrdə türklərə münasibətdə antidialektik olan sovet ideoloqları milli kimlik düşüncəsinin nə qədər güclü bir "fenomen" olmasını bilsələr də, yenə də onu birdəfəlik yox etməkdə israrlı idilər. Bu məqsədlə yeni türkoloqlar nəsli - sovet türkologiyası formalaşdırıldı. Lakin buna baxmayaraq, onlar milli kimliyin yaddaş arxetiplərini türk xalqlarına, o cümlədən Azərbaycan xalqına unutdura bilmədilər. Bu barədə I Türkoloji Qurultayın 80 illik yubileyi ilə bağlı cənab İlham Əliyevin hələ 2005-ci ildə verdiyi Sərəncamda deyilir:

"Bununla belə, Azərbaycan xalqının qabaqcıl nümayəndələri sonralar da dilimizin inkişafı yolunda öz imkanları daxilində bu və ya digər dərəcədə fəaliyyət göstərmişlər. Əllinci illərin siyasi ab-havasında meydana çıxan yumşalma ana dili ilə bağlı proseslərin müsbət istiqamətdə sürətlənməsinə müəyyən təsir göstərmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə dilimizin inkişafı yeni mahiyyət kəsb etmişdir. Bu proses Azərbaycan dilinin tərəqqisində növbəti mərhələlərin başlanğıcı olmuşdur. Həmin illərdən etibarən Azərbaycan dilinin istifadə dairəsi genişlənmiş, onun tədrisi və tədqiqi ilə məşğul olan müəssisələrə xüsusi qayğı göstərilməyə başlanmışdır. Azərbaycan dili Sovet İttifaqı xalqlarının dilləri arasında öz ölkəsinin konstitusiyası ilə təsbit edilmiş azsaylı dövlət dillərindən biri olmuşdur".

Cənab İlham Əliyevin hələ iyirmi il öncə verdiyi bu sərəncamda I Türkoloji Qurultaydan başlanan milli kimlik ideyalarının bir toxum kimi necə cücərməsi və milli düşüncəyə malik olan insanların, xüsusilə Ulu Öndərin düşüncəsində necə milli quruculuq siyasətinə töhfəsi öz əksini parlaq şəkildə tapmışdır.

Cənab İlham Əliyevin I Türkoloji Qurultay haqqında verdiyi son sərəncam artıq tam yeni reallıqlar fonunda meydana çıxmışdır. Sərəncamda deyildiyi kimi: "I Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində I Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür".

I Türkoloji Qurultay rus-sovet ideologiyası tərəfindən qanla boğduruldu və qətlə yetirildi. Məqsəd birmənalı idi: türk milli kimliyini soyqırımına uğratmaq və türk xalqlarını "sovet insanı" adı altında manqurta - milli kimliyini unutmuş, ona düşmən kəsilmiş varlıqlara çevirmək. Lakin onlar buna nail ola bilmədilər. Azərbaycan xalqı milli ziyalıların, o cümlədən dahi şəxsiyyət Heydər Əliyevin simasında milli-mənəvi dəyərləri yaşatmağa nail oldu. Bu gün Ali Baş Komandan İlham Əliyev xalqımızı torpaqlarımız uğrunda ayağa qaldırıb, zəfərə qovuşdurduğu kimi, bütün türk dünyasında da türk milli kimliyinin zəfər çalmasına özünün dəyərli töhfələrini verir. Bütün bunlar bizləri ruhlandırmaqla bərabər, hamımızdan məsuliyyətli olmağı tələb edir. Çünki milli zəfər təkcə ayrı-ayrı fərdlərin deyil, bütün millətin bir yumruq kimi birləşməsi ilə əldə olunur.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri