14 noyabr 2025 09:43
35

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticarət əməkdaşlığı: Mövcud vəziyyət və perspektivlər

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticari münasibətlər son illər ardıcıl və sürətli inkişaf mərhələsinə qədəm qoyub. İki qardaş ölkə arasında siyasi-strateji yaxınlıq iqtisadi sahədə də özünü qabarıq şəkildə göstərir. Bu gün tərəflər arasında iqtisadi əməkdaşlıq yalnız ənənəvi ticarət əlaqələri ilə məhdudlaşmır, həm də investisiya, sənaye kooperasiyası, nəqliyyat-logistika və xidmət sahələrində qarşılıqlı fəaliyyətin dərinləşməsi ilə xarakterizə olunur.

Mövcud əməkdaşlığın dinamikasının tam məmnunluq doğurması təsadüfi deyil. Hər iki dövlət iqtisadi sahədə tərəfdaşlığı genişləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslər irəli sürür, müxtəlif layihələrin həyata keçirilməsi üçün qarşılıqlı dəstək göstərir. Müştərək fəaliyyətin güclənməsi ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiya qoyuluşunun intensivləşməsinə və biznes dairələri arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatının fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın miqyasını aydın şəkildə əks etdirir. Həmin şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və müxtəlif xidmət sahələrində uğurla çalışaraq iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verirlər. Bu, həm də Özbəkistan iş adamlarının Azərbaycan bazarına olan yüksək inamının göstəricisidir.

Sənaye kooperasiyası və kənd təsərrüfatı sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir. Hər iki ölkə üçün prioritet olan bu istiqamətlər qarşılıqlı investisiya və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Tikinti və nəqliyyat sektorunda birgə layihələr isə regional inteqrasiya proseslərini sürətləndirir və Orta Dəhliz boyunca yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradır.

Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının inkişafı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də regional sabitlik və rifaha xidmət edən strateji tərəfdaşlıq modelinin formalaşmasına təkan verir. Bu model hər iki dövlət üçün yeni iqtisadi imkanlar təqdim etməklə yanaşı, türk dünyasının iqtisadi inteqrasiyasının güclənməsinə də xidmət edir.

Azərbaycan ilə Özbəkistan arasında mövcud iqtisadi-ticarət əlaqələri həm yüksək inkişaf dinamizmi, həm də geniş perspektivləri ilə seçilir. Bunun davamlı olması üçün qarşılıqlı siyasi iradə, iqtisadi maraqların üst-üstə düşməsi və biznes dairələrinin fəallığı mühüm rol oynayır. Hər iki ölkənin iqtisadi əməkdaşlığı genişləndirməyə verdiyi önəm yaxın illərdə yeni birgə layihələrin, iri investisiya təşəbbüslərinin və daha da artan ticarət dövriyyəsinin yaranacağına inam yaradır.

Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının əməkdaşı