14 noyabr 2025 10:12
33

Azərbaycan ilə Özbəkistan arasında mədəni və humanitar əməkdaşlıq uğurla inkişaf edir

Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixən dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuşdur. Bu əlaqələrin güclənməsində mədəni və humanitar əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. İki xalqı birləşdirən ortaq tarixi köklər, mədəni dəyərlər və mənəvi yaxınlıq bu sahədə əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradır. Son illər hər iki ölkə rəhbərliyinin siyasi iradəsi və təşəbbüsləri mədəni-humanitar inteqrasiyanın daha yüksək səviyyəyə çatmasına səbəb olub.

Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafında ən önəmli məqam ortaq tarixi və mədəni irsə verilən dəyərdir. Hər iki ölkə xalqları qədim türk sivilizasiyasına mənsub olmaqla bərabər, əsrlər boyu formalaşmış dostluq münasibətlərini mədəniyyət sahəsində də davam etdirir. Bu gün ölkələrimiz ortaq irsi qorumaq, onu gələcək nəsillərə ötürmək və beynəlxalq arenada təbliğ etmək istiqamətində sıx əməkdaşlıq göstərirlər.Bu istiqamətdə həyata keçirilən layihələr, qarşılıqlı mədəniyyət proqramları və elmi mübadilə təşəbbüsləri iki xalqın yaxınlaşmasına, bir-birini daha dərindən tanımasına imkan yaradır.

Son illər ərzində Azərbaycanda və Özbəkistanda keçirilən qarşılıqlı mədəniyyət günləri əməkdaşlığın ən dinamik sahələrindən biridir. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günlərinin keçirilməsi bunun bariz nümunəsidir. Həmin il Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili, o cümlədən Xivə şəhərində “Şuşa Günləri”nin keçirilməsi xalqlarımız arasında dostluğun və mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinə xidmət edib.

Bu tədbirlər iki ölkənin rəssamlarını, alimlərini, musiqiçilərini, yazıçılarını və digər yaradıcı insanlarını bir araya gətirərək qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yaradır. Eyni zamanda bu günlər xalqlarımızın zəngin mədəni-tarixi irsinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əlaqələrin güclənməsində regionlararası əməkdaşlıq da mühüm rol oynayır. Son illərdə bu istiqamətdə ciddi addımlar atılmış, bir sıra şəhərlər arasında qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulmuşdur.

Azərbaycan və Özbəkistan arasında dostluğun rəmzi hesab olunan mədəni obyektlər həm iki ölkə xalqları arasında qardaşlıq münasibətlərinin, həm də mədəni həmrəyliyin mühüm göstəricisidir. Daşkənddə yerləşən Heydər Əliyev meydanı Azərbaycanın böyük liderinə olan hörmət və ehtiramın təcəssümüdür. 2024-cü ilin iyulunda Bakıda “Özbəkistan” parkının təməl qoyulması isə bu dostluq münasibətlərinin qarşılıqlı olduğunu göstərən mühüm hadisədir.

Bu cür obyektlər təkcə mədəniyyət nümunəsi deyil, həm də iki ölkə arasındakı strateji tərəfdaşlığın və sarsılmaz qardaşlığın simvolu kimi dəyərləndirilir.

Nəbi Sadıqov,
YAP Xətai rayon təşkilatının fəalı