15 noyabr 2025 00:14
72

Türk dünyası qlobal gücə doğru inamla irəliləyir

Prezident İlham Əliyev: Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır

Ortaq tarixi köklərə, adət-ənənlərə, mədəniyyətə, dil, din birliyinə malik olan Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əlaqələri dərin köklər üzərində qurulub. Bu əlaqələr Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu bağlılıq hazırda Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində daha da möhkəmlənir.

Azərbaycan hazırda Mərkəzi Asiya ölkələri ilə sənaye, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda fəaliyyət göstərən Ələt Azad İqtisadi Zonasına indiki marağı da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük inam yaradır. Ələt Azad İqtisadi Zonası daha çox nəqliyyat, logistika sahəsinin formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycanın tranzit ölkə olaraq öz imkanlarını genişləndirməyə şərait yaradır və ölkə ərazisinə yükdaşımaların artırılmasını şərtləndirir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ildə ölkəmizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təsdiqidir.

Prezident İlham Əliyev 2023-cü il iyulun 22-də “China Global Television Network” telekanalında yayımlanan müsahibəsində demişdir: “... Mərkəzi Asiya ölkələri inkişaf edir və ixracyönümlü daha çox məhsul istehsal edir. Həmçinin daha çox məhsul alır və bu baxımdan Xəzər dənizi marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən biz illər əvvəl ev tapşırığımızı yerinə yetirmişik və hər bir şey hazırdır. İndi isə bu infrastrukturu genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yatırılacaq vəsait təxmin edilən yük həcminə uyğun olacaq... Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq”.

Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşü və bu görüş çərçivəsində Prezident İlham Əliyevin söylədiyi fikirlər, toxunduğu məsələlər geniş ictimaiyyətin marağına səbəb olmuşdur. Belə ki, fəxri qonaq qismində iştirak edən ölkəmizin başçısı İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mövcud olan və getdikcə çoxşahələnən səmərəli əlaqələrin əhəmiyyətindən və qarşıda duran vəzifələrin icrasının vacibliyindən söhbət açaraq, Astana görüşünün önəmini xüsusi vurğuladı. Ümumiyyətlə, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri qarşılıqlı münasibətlərimizin yüksək göstəricisidir.

 Azərbaycan geosiyasi və iqtisadi baxımdan da Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş ölkədir. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. Mərkəzi Asoya ölkələri bununla Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən dünya bazarına daha çox məhsul ixrac etmək, Orta Dəhlzin imkanlarından geniş şəkildə yararlanmaq imkanı qazanırlar. Nəticədə Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiyanı daha sıx birləşdirir. Qardaş ölkələr həm də azad olunmuş ərazilərin bərpasına öz dəstəklərini göstərirlər. Dövlətimizin başçısı 2024-cü il avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı bununla bağlı deyib: “Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm”.

 2024-cü il martın 12-də Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında Prezident Kasım-Jomart Tokayev deyib: “Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram”.

 Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm də bərpaolunan enerji sahəsində sıx əməkdaşlıqda maraqlıdır. 2024-cü ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Ölkəmiizn başçısının bildirdiyi kimi, qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

 Prezident İlham Əliyev noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir: “Əvvəlcə qeyd etmək istəyirəm ki, bu, mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü bildirirəm. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Orta Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Əminəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq”.

Yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edən Özbəkistan lideri Şavkat Mirziyoyev deyib: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir. Mən birinci dövlət səfərimi edirəm, çünki biz həqiqətən də iki yaxın xalq, iki yaxın ölkəyik və şəxsi münasibətlərimiz əlaqələrimizi tamamilə yeni mərhələyə yüksəldib. ...Həqiqətən Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə son illər ərzində bütün sahələrdə uğurlarını izləyir və qürur duyurlar”.

 Bütün bunlartın fonunda əminliklə demək olar ki, Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri müxtəlif sahələrdə inkişaf etməklə, yeni mərhələyə qədəm qoyub. Ekspertlərin bildirdikləri kimi, bir tərəfdən, Türk Dövlətləri Təşkilatına (TDT)üzv ölkələrin ümumi nominal ÜDM-i artıq 2 trilyon dollara yaxınlaşır, əhalisi isə 160 milyonu keçir. Bu göstəricilər birliyi iri regional iqtisadiyyatlarla müqayisə edilə bilən səviyyəyə gətirir. 2022-2024-cü illər arasında TDT daxilində qarşılıqlı ticarət dünya ortalamasından xeyli sürətlə artıb. 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü həm Türk dünyasının gələcək istiqamətini müəyyənləşdirən, həm də qlobal sabitlik və inkişaf baxımından yeni prioritetləri ortaya qoyan mühüm hadisə oldu.

Dövlətimizin başçısı Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqla bağlı deyib: “Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. ...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. ...Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”.

Zahid Rza, “İki sahil”