14 noyabr 2025 23:58
77

Vətəndaş amilinə verilən yüksək dəyərin nümunəsi

Müstəqil Azərbayacanın uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradıb. Ölkənin tərəqqisinin geniş vüsət almasında kadr islahatlarının da əhəmiyyətli rolu var. Prezident cənab İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın, dövlətin maraqları, milli mənafeləri öndə gəlir.

Müasir Azərbaycanda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rifaha, tərəqqiyə və mütərəqqi idarəçiliyə xidmət edən islahatlar ölkə vətəndaşları tərəfindən yüksək dəyərləndirilir.

Ölkədə, o cümlədən regionlarda dövlət siyasətinin icrası və yerli problemlərin operativ həlli üçün yeni nəfəs və yenilənmiş idarəetmə modelləri günümüzün aktual məsələlərindəndir.

12 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı xüsusi ilə qeyd edib ki, bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyi tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.

Yeni kadrlara böyük etimad göstərildiyini söyləyən Prezident cənab İlham Əliyev vurğulayır ki, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.

Ölkə Prezidenti eyni zamanda regionların sosial-iqtisadi inkişafından, iqtisadi layihələrin icrasından söz açıb:”Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir. Yenə də deyirəm, son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar”.

Yeni təyin olunmuş kadrların idarəçilikdə daha çox üstünlük verməli olduqlarını məsələləri xüsusi ilə vurğulayan dövlət başçımız bütün məmurlara ciddi xəbərdarlıq edib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir və bu da vətəndaşlar tərəfindən hər zaman razılıqla, rəğbətlə qarşılanır.

Yeni kadrlar vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar.

Dövlətimizin başçısı eyni zamanda, işsizliklə bağlı mübarizədə də ciddi addımların atıldığını, ödənişli sosial işlərin yaradılmasının da geniş vüsət aldığını vurğulayıb. Bölgələrdə məşğulluqla bağlı məsələlərin əsas prioritetlərdən biri olduğunu vurğulayan ölkə Prezidentimiz bildirib ki, Azərbaycanda bütövlükdə məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq o da həqiqətdir ki, bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bunun müxtəlif səbəbləri var. Miqrasiyanın, kəndlərdən şəhərlərə axının mövcud olması təkcə bizim ölkə üçün xas deyil, inkişaf etmiş ölkələrdə də bu var. Təbii ki, böyük şəhərlərdə imkanlar da genişdir, yaşayış səviyyəsi də daha yüksəkdir. Bütün bunlar başadüşüləndir. Ancaq, eyni zamanda, bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri də işsizlikdir. Bölgələrdə insanları işlə təmin etmək üçün indi dövlət müxtəlif addımlar atır, müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Artıq on minlərlə insan bu proqramla əhatə olunub. Ona görə yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir. Kənd təsərrüfatı və turizmlə bağlı son müddət ərzində dövlət xətti ilə bir çox önəmli addımlar atılmışdır. Bunu daha da genişləndirmək lazımdır. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə bu, iqtisadiyyatın, bölgə iqtisadiyyatının kənd təsərrüfatı ilə birlikdə əsas amilini təşkil etməlidir.

Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri, Prezidentin xarici və daxili siyasətini dəstəkləyir. Çünki bu siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib və həyata keçirilən tam müstəqil siyasət ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Məhz bu diplomatiya nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoyaraq tarixi ədaləti bərpa edib.

Prezident İlham Əliyevin rayonlara yeni təyin edilmiş icra hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri də nümayiş etdirir.

Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü,
YAP Gəncə şəhər təşkilatının sədri