14 noyabr 2025 11:32
87

“İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayına dair ilkin rəqəmləri təqdim edib.

“İki sahil” xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49,6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları 22,8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan məmulatlar 3,8% artıb.

2025-ci ilin yanvar-oktyabr aylarında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1,03 mlrd ABŞ dolları təşkil edib.