12 noyabr 2025 16:05
728

Daşkəsəndə “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib

Noyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” adlı elmi-praktik konfransda Daşkəsən RİH-in başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər güllər düzərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətində davam edən konfrans Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Konfrans iştirakçılarını 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edən Daşkəsən RİH-in başçısı Orxan Abbasov geniş məruzə ilə çıxış edib. İcra başçısı çıxışında deyib: “1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və hüquqi dövlət kimi formalaşmasının əsas dayağı olmuşdur. Konstitusiyamız həm də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına ən böyük töhfələrindən biridir. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev müstəqil dövlətimizin Konstitusiyasını daim inkişaf etdirərək onu zamanın tələblərinə uyğunlaşdırmış, qanunun aliliyini və insan hüquqlarını təmin edən ardıcıl islahatlar reallaşdırmışdır. Lakin dövlətçiliyimizin möhkəmlənməsi təkcə qanunvericilik sahəsində deyil, həm də Vətənimizin suverenliyinin bərpası uğrunda mübarizədə özünün ən yüksək təzahürünü tapmışdır. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin Vətən müharibəsində möhtəşəm tarixi Zəfər qazanaraq, işğalda olan torpaqlarımızı azad etmişdir. 2023-cü ildə isə həyata keçirilən antiterror tədbirləri nəticəsində dövlətimiz suverenliyini, yəni Azərbaycanın Konstitusiyasının tələblərini ölkəmizin bütün ərazilərində tam şəkildə bərqərar etmişdir. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdışı davam edir”.

Prezident İlham Əliyevin 2025‑ci il noyabrın 3‑də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Ana dilimizlə bağlı qarşıya qoyduğu vəzifələrdən bəhs edən RİH başçısı çıxışında diqqətə çatdırıb ki, elə bu mənada mövzusu “Azərbaycan dili: Konstitusiyamızın ruhu, milli kimliyimizin ifadəsi” olan konfrans özündə dərin məzmun ehtiva edir: "Daşkəsən rayonunda da Azərbaycan dilinin normalarına riayət edilməsinə, tədrisinə, gənclərin dilə sevgi və hörmət ruhunda yetişdirilməsinə bundan sonra da xüsusi diqqət yetiriləcək. Məktəblərimizdə, mədəniyyət müəssisələrimizdə, idarə, müəssisə, təşkilatlarda və ictimai tədbirlərdə dilimizin saflığının qorunması yüksək səviyyədə təmin ediləcəkdir".

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə çıxışında Konstitusiyanın dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan dilinin qorunması və inkişafında mühüm rolundan bəhs edərək, bu istiqamətdə görülən işlərin davamlı olmasının vacibliyini vurğulayıb.

Sonra Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədovanın “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı gördüyü işlər və qarşıda duran vəzifələr”, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimləri Günay Mirzəzadənin “Qloballaşma şəraitində və süni intellektin tətbiqi dövründə Azərbaycan dilinin qorunması və istifadəsi məsələləri” və Nigar Məmmədovanın “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət dili siyasəti” mövzularında məruzələri dinlənilib, müzakirə aparılıb.

Sonda “Heydər Əliyev və Azərbaycan dili” adlı sənədli film nümayiş etdirilib.