Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn leytenant Şükürlü Elvin Azad oğlunun əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidimizin ailə üzvləri və döyüş yoldaşları Hərbi Memorial Məzarlıqda şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq, ehtiram nümayiş etdiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətini xüsusi qeyd edərək, döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, eləcə də leytenant E. Şükürlünün xidmət və döyüş yolundan danışıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq
Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib