13 noyabr 2025 00:57
86

Gələn ildən vergi güzəştlərinin mərhələlərlə həyata keçirilməsinə başlanılacaq

Güzəştlərdən kimlər və nə qədər yararlana biləcək?

Vergi güzəştinin mərhələlərlə həyata keçirilməsi ilə bağlı layihələr gələn ildən başlanacaq. Belə ki, 2026-cı il yanvarın 1-dən 2027-ci ilədək vətəndaşın iş yerində gəliri 2500 manatadək təşkil edərsə, ondan yalnız 3 faizi vergiyə cəlb olunacaq. Yəni? 2500 manatadək olan məbləğdən cəmi 75 manat vergi tutulacaq. 2500 manatdan 8 min manatadək olan məbləğin 10 faizi vergiyə cəlb olunacaq. 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslərdə isə bu, 14 faiz təşkil edəcək. Həmçinin  8 min manatdan yuxarı əməkhaqqı alan hər bir şəxs 625 manat, üstəgəl 8 min manatdan yuxarı məbləğin 14 faizi qədər, 2500 manatdan 8 min manatadək əməkhaqqı alan isə 75 manat, üstəgəl 2500 manat və 8 min manat məbləğin 10 faizi həddində vergi ödəyəcək.

Bir il sonra, yəni 2027-ci ildən etibarən isə aşağı gəlir həddində olan şəxslər üçün vergi 2 faiz artırılaraq 5 faizə çatdırılacaq. Yəni 2500 manatadək əməkhaqqı alan şəxsin vergisi 5 faiz, 8 min manatadək maaşa sahib vətəndaşın vergisi isə 10 faiz olacaq. 8 min manatdan yuxarı əməkhaqqı alan şəxslər isə 2027-ci ildən etibarən 675 manat, üstəgəl 8 min manatdan yuxarı olan məbləğə görə vergi ödəyəcək. Proses 2028-ci ildə yekunlaşacaq və həmin vaxtdan etibarən özəl sektorda çalışan şəxsin vergisi 2500 manatadək olan gəlirin 7 faizi səviyyəsində müəyyənləşəcək.

Azərbaycan hökuməti üçpilləli rejimlə vergi tətbiq edəcək. Gəlirlərin yuxarı hissəsində isə fərqli vergi dərəcələri tətbiq olunacaq ki, bu da proqressiv vergi sisteminin xüsusiyyətlərinə uyğun gələcək. Belə ki, əgər vətəndaş əvvəllər 2500 manatadək olan məbləğin 14 faizi qədər vergi verirdisə, 2026-2027-ci illərdə 3 faiz ödəyəcək. Amma onun pensiya fonduna olan ödənişi əvvəlki kimi 10 faiz həddində qalacaq. Bununla da hökumət gələcəkdə vətəndaş pensiyaya çıxdıqda pensiya kapitalının formalaşdırılması üçün ödəmələri saxlayacaq. Yəni? birbaşa 14 faizin cəmi 7 faizi ilk mərhələdə vətəndaşın gəlirlərindən tutulacaq.

Ümumiyyətlə, 2500 manatadək əməkhaqqı alan şəxslərin vergi yükü 3 faiz artacaq. Halbuki əvvəl əgər 2500 manatadək əməkhaqqı alan şəxslərdə ümumi maaşdan tutulmalar, təqribən, 12,5 faiz idisə (10 faiz pensiya fondu, 2 faiz icbari tibbi sığorta fondu və 0,5 faiz məşğulluq fondu), artıq bu rəqəm 15,5 faizədək artacaq. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu barədə danışarkən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində dövlətimizin beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və hərbi potensialı əsaslı şəkildə güclənib. Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyi və risklərin artdığı bir şəraitdə respublikamızda makroiqtisadi sabitlik hökm sürür, xarici ticarət balansında davamlı müsbət saldo müşahidə olunur, strateji valyuta ehtiyatları artmaqda davam edir və qeyri-neft-qaz sektoru üzrə fiskal daxilolmalar hesabına dövlət büdcəsinin maliyyə dayanıqlığı daha da güclənir. O, diqqətə çatdırıb ki, 2026-cı il üçün dövlət büdcəsi layihəsinin hazırlanmasında ölkə iqtisadiyyatının cari vəziyyəti qiymətləndirilməklə daxili və xarici amillər nəzərə alınıb və müxtəlif makroiqtisadi ssenarilər nəzərdən keçirilib. Vurğulanıb ki, Azərbaycan iqtisadiyyatı həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirib.

Cari ilin ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3 faiz artması gözlənilir. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sahədə ÜDM-in orta illik artımının 6,1 faiz olacağı proqnozlaşdırılır. Son illərdə ölkənin ixrac imkanları da genişlənməkdədir. 2025-ci ilin gözlənilən göstəricisi nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz ixracının 2,3 dəfə artması gözlənilir. Ölkənin strateji valyuta ehtiyatları isə 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1,8 dəfədən çox artaraq 81,5 milyard ABŞ dolları təşkil edib.

Elçin Zaman, «İki sahil»