Bu günlərdə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Mərkəzi Asiya dövlətlərinin (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) liderlərinin C5+1 formatı çərçivəsində görüşü baş tutub. Yüksəksəviyyəli görüşdə Mərkəzi Asiyanın böyük iqtisadi potensialı, o cümlədən mineral ehtiyatları gündəmdə olub. Siyasətçilər bu tədbiri Mərkəzi Asiya-ABŞ münasibətlərində yeni mərhələ kimi dəyərləndirirlər.
Qeyd edək ki, ABŞ-la Mərkəzi Asiya dövlətlərinin çoxtərəfli əməkdaşlığını əhatə edən C5+1 formatının əsası 10 il bundan əvvəl qoyulub. Amma bir sıra geosiyasi amillər səbəbindən ötən müddət ərzində bu formatın fəaliyyətində ciddi bir irəliləyiş müşahidə olunmayıb. Format çərçivəsində ikinci yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü isə Ağ Evdən gəlib. Şübhəsiz, bu məsələdə Çinin “Bir kəmər, bir yol” layihəsi ilə Avrasiya məkanında artan nüfuzu, həmçinin Avropa İttifaqının (Aİ) regionda yüksələn iqtisadi fəallığı ABŞ-ı hərəkətə gətirib. Yeri gəlmişkən qeyd edək ki, uzun müddət Aİ-nin xarici siyasət gündəmində arxa planda qalan Mərkəzi Asiya regionu bu gün Brüsselin də diqqət mərkəzindədir. Belə ki, Rusiya ilə enerji asılılığını aradan qaldırmağa çalışan Avropa bu regionu alternativ enerji mənbəyi kimi görür. Avropa enerji bazarında Rusiya asılılığının azaldılması ABŞ-ın da prioritetlərindən biridir. ABŞ-ın Mərkəzi Asiya regionuna maraq göstərməsi də elə bundan irəli gəlir.
Amma bu, bir faktdır ki, ABŞ-ın da Mərkəzi Asiya ilə real əməkdaşlığı Azərbaycansız mümkün deyil. Çünki əsrlər boyu Şərq ilə Qərb arasında strateji körpü rolunu oynayan ölkəmiz Mərkəzi Asiyanı da Avropaya, dünyaya birləşdirən əsas tranzit qovşaqdır. Belə ki, Mərkəzi Asiyanın istənilən ölkəsi Avropaya çıxış üçün Azərbaycanın infrastrukturundan keçməyə məcburdur.
Sözügedən tədbirdə Azərbaycanın regional əməkdaşlıqda, o cümlədən ABŞ-Mərkəzi Asiya dialoqunda rolu yüksək dəyərləndirilib. Belə ki, “Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında bir sülh müqaviləsini imzaladı” deyən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə deyib: “Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Bu, çox gözəl bir şeydir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşmadır. Bu, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur. Mən əminəm ki bu gün burada olan hər bir ölkə razılaşma ilə ortaya qoyduğumuz fürsəti qəbul edərək sülhün imkanlarından faydalanacaq”. Şübhəsiz, ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Mərkəzi Asiyadan olan beş prezidentlə görüşündəki bu açıqlaması təqdirəlayiqdir.
Xatırladaq ki, avqustun 8-də Ağ Evdə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb və Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.
Şübhəsiz, bu da Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) praktiki cəhətdən önəmini daha da artıracaq. Xatırldaq ki, Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, həm də Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhliz marşrutunun tərkib hissəsi olan və Azərbaycanı Naxçıvanla, eyni zamanda, Türkiyə və bütövlükdə Avropa ilə birləşdirəcək Zəngəzur dəhlizinin (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP) açılması isə böyük perspektivlər vəd edir. Onu da qeyd edək ki, Azərbaycanın xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Şübhəsiz, bu həm də Amerika-Azərbaycan, həm də Amerika-Mərkəzi Asiya münasibətlərinə yeni çalarlar əlavə edəcək.
Yeri gəlmişkən qeyd edək ki, Orta Dəhlizin bir hissəsi olan TRIPP-in fəaliyyətinin təmin edilməsi üçün hökumətimiz tərəfindən əməli addımlar atılır. Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Prezident Kasım-Jomart Tokayev ilə mətbuata birgə bəyanatında demişdir: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”. Bu da o deməkdir ki, Azərbaycanın nəqliyyat sisteminin çox önəmli bir halqasına çevriləcək Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində nəqliyyat bağlantılarının qurulmasında önəmli rol oynayacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”