12 noyabr 2025 22:57
115

Demokratikləşmə milli inkişafın vacib faktorudur

Azərbaycan xalqının tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin bərpasından 34 il keçib.  Azərbaycanın bu gününü müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə tamamilə fərqli bir mənzərənin şahidi oluruq. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf mərhələsi  bugünkü uğurlarımızın başlanğıcı oldu. Onun düşünülmüş siyasəti nəticəsində müstəqilliyimizin daimiliyi təmin edildi, Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradıldı. Ümummilli Lider ölkəmizin inkişafının çox möhkəm əsasını yaratdı.

Bu inkişafın perspektivlərini işıqlandıran ideya və prinsipləri müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra səsləndirdiyi mühüm çağırışlarından biri bu oldu ki, demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Demokratiya  sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir ki, Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar göz qabağındadır. 12 noyabr 1995-ci ildə qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan  milli Konstitusiyamız qəbul edildi. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunub. Demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət  siyasətinin strateji prioritetinə çevrildi. Demokratiyanın vacib amillərindən biri kimi insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdədir.   Konstitusiyamız   insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və  inkişafına etibarlı  zəmin yaratdı.  Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bildirir ki, biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində  yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq.

İqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, şəffaflıq yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən. Dövrün çağırışları, yenilikləri qəbul olunan qanunlarda, Konstitusiyamızda da öz əksini tapır.  Milli Konstitusiyamıza ötən 30 ildə üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. 2009-cu ilin martında keçirilən referendumda  “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onları yüksək həyat şəraiti ilə təmin etməkdir.   Bütün hüquqlarımız dövlət tərəfindən qorunur. Vətəndaşların sərbəst toplaşmasını, seçki proseslərində sərbəst iştiraklarını təmin edən qanunvericilik bazası mövcuddur. Təbii ki, hüquqlarımızla yanaşı, vəzifələrimiz də var. Dövlət   başçısı İlham Əliyev onu da bildirir ki, bu gün Azərbaycanda bütün azadlıqlar mövcuddur. Ancaq eyni zamanda, qanun-qayda da var. Azərbaycanda Konstitusiyada  təsbit olunmuş bütün azadlıqlar, hüquqlar qorunur. Eyni zamanda, hər bir vətəndaş da məsuliyyətini hiss etməlidir. Heç kimə imkan verilməyəcək ki, qanunu pozsun. Heç kimə imkan verilməyəcək ki, hansısa müstəsna güzəştlərə malik olsun. Hamı necə, başqası da elə. Biz hüquqi dövlət qururuq. Qanunun aliliyi bizim üçün başlıca şərtdir və heç kimə, heç bir şəxsə, heç bir qüvvəyə imkan verilməyəcək ki, qayda-qanunu pozsun, qeyri-qanuni hərəkətlər etsin. Reallıq budur ki,  iqtisadi inkişafı, demokratik dəyərlərə sadiqliyi ilə fərqlənən ölkəmizdə elə bir sahə yoxdur ki, orada hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün islahatlar aparılmasın.

Hər bir  Azərbaycan vətəndaşı Konstitusiyanın maddələrindən irəli gələn tələbləri yerinə yetirməli, əsas Qanunumuzun müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəd olduğunu unutmamalıdır. Milli Konstitusiyamızın qəbulundan ötən 30  ildə qazanılan uğurlar  ölkəmizin qarşısında yeni imkanlar açır ki, bu da öz növbəsində əsas Qanunumuzda təkmilləşməni, yeniləşməni qaçılmaz edib. Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan  Azərbaycanın Konstitusiyası dayanıqlı inkişafın təmin olunmasında öz sözünü deyir və deyəcək.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri