Noyabrın 13-də Bakıda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İdmanda hüquq və ədalət: yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfrans keçiriləcək.
AMADA-dan “İki sahil”ə verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, Olimpiya çempionları, federasiya rəhbərləri, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA), eləcə də digər ölkələrin milli antidopinq təşkilatlarının rəhbər şəxsləri, yerli və əcnəbi mütəxəssislər iştirak edəcəklər.
Sessiyalar üzrə davam edəcək konfransda ədalətli və dürüst yarış, idmanda hüququn aliliyi, yeni antidopinq qaydalarının formalaşması, həmçinin idmanda insan hüquqları kimi mövzular müzakirə olunacaq.
Tədbirin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi fonunda idmanda hüququn aliliyinin və ədalətli rəqabət prinsiplərinin qorunması istiqamətində dopinq və digər zərərli maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyinin artırılması, profilaktik və maarifləndirici fəaliyyətlərin təkmilləşdirilməsi, WADA-nın yeni qanunvericiliyindəki dəyişikliklərin və beynəlxalq təcrübəyə əsaslanan müasir antidopinq çərçivəsinin formalaşdırılmasını təşviq edən beynəlxalq dialoq, təcrübə mübadiləsi və əməkdaşlıq platformasının yaradılmasıdır.
Beynəlxalq konfransda çıxış edəcək əcnəbilər arasında WADA-nın İdmançılar üzrə Antidopinq Ombudsmanı Anna Thorstenson da yer alacaq.